16 
Sen
2022
13:48
494

Gürcüstan əhalisi Aİ-yə üzv olmaq istəyir, yoxsa NATO-ya?

Aİ üzvlüyünə dəstəyin bir qədər azalmasına baxmayaraq, Gürcüstan əhalisi hələ də Avropa və Avro-Atlantika kursuna sadiqdir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) araşdırmasında qeyd olunub.

Təşkilatın araşdırmalarında qeyd olunduğuna görə, sorğuda iştirak edən əhalinin 75 faizi ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir və Gürcüstan hökumətinin siyasi iradəsinin olmaması üzvlük üçün əsas maneədir (25 faiz).

“Oxşar tendensiya NATO-ya dəstək məsələsində də təkrarlanır: 69 faiz NATO üzvlüyünü dəstəkləyir. Əksəriyyət əsas müdaxilə faktorları kimi Rusiya və işğal olunmuş ərazilərin adını çəkir. Yeni araşdırma Gürcüstanın Aİ-yə namizəd statusu məsələsini də əhatə edib. Əhalinin əksəriyyəti (62 faiz) Avropa Şurasının iyunun 23-də qəbul etdiyi qərardan xəbər tutub. Onların əksəriyyəti (56 faiz) Gürcüstan hökumətinin namizəd statusu almaq üçün kifayət qədər iş görmədiyini deyir.

Aİ-yə namizədlik üçün zəruri olan tövsiyələrin yerinə yetirilməsi ölkə əhalisinin əksəriyyəti (71 faiz) üçün vacibdir, baxmayaraq ki, yalnız 32 faiz hökumətin bu tövsiyələri yerinə yetirəcəyini gözləyir. Cəmiyyət Avropa Şurasının tövsiyələrinin icrası prosesinə müxalifət və qeyri-hökumət sektorunun nümayəndələrinin cəlb edilməsinin vacibliyi ilə razılaşır, lakin onların yalnız üçdə biri hökumətin bu aktorları bu prosesə cəlb edəcəyinə inanır”,- deyə araşdırmada qeyd olunub.

“Cəmiyyətin iyun hadisələrini Avropaya inteqrasiya prosesində geriyə addım kimi qəbul etməsinə baxmayaraq, Gürcüstan əhalisinin mesajı aydındır: onlar Avropaya inteqrasiyanı qətiyyətlə dəstəkləyirlər. Gürcüstan vətəndaşlarının bu məsələ ilə bağlı ardıcıl fikirləri siyasi və vətəndaş liderlərinə öz səylərini gürcü xalqının bu sarsılmaz arzusunu həyata keçirməyə yönəltmək üçün bir siqnal olmalıdır”, - deyə NDI-nin Gürcüstan ofisinin direktoru Alan Gillam bildirib.

 

 

Bizimlə əlaqə saxlayın