Tbilisidə ağıllı nəqliyyat sisteminin inkişafını nəzərdə tutan yeni layihə həyata keçiriləcək
Tbilisi Bələdiyyəsi Mərkəzi Hökumətin və Almaniya Yenidənqurma Bankının dəstəyi ilə Tbilisi küçələrində ağıllı nəqliyyat sisteminin inkişafını nəzərdə tutan yeni nəqliyyat layihəsini həyata keçirməyə başlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.
Kaxa Kaladzenin izah etdiyinə görə, sözügedən layihənin həyata keçirilməsi həm şəxsi avtomobillər, həm də ictimai nəqliyyat, piyadalar və velosipedçilər üçün şəhərin bütün istiqamətlərində nəqliyyatın nizamlı hərəkəti baxımından əhəmiyyətlidir.
“Biz bir çox komponentlərdən ibarət mühüm islahat başlatdıq. Tbilisi Bələdiyyəsi Gürcüstan Mərkəzi Hökumətinin və Almaniya Yenidənqurma Bankının dəstəyi ilə Tbilisi küçələrində ağıllı nəqliyyat sisteminin inkişafını nəzərdə tutan yeni nəqliyyat layihəsini həyata keçirməyə başlayır. Biz dəfələrlə bu layihənin həyata keçirilməsinin və mövcud sistemin təşkilinin nə dərəcədə vacib olmasından danışmışıq. Sistemə məlumat platforması, yol sensorları və axının idarə edilməsi texnologiyası daxildir ki, bu da bizə Tbilisidə real vaxt rejimində nəqliyyatın hərəkətini və parkinqini idarə etməyə imkan verəcək. Bu, həmçinin ictimai nəqliyyatın və təcili yardım briqadalarının hərəkətini asanlaşdıracaq. Ağıllı nəqliyyat sistemi bizə yol təhlükəsizliyini artırmağa, tıxacları azaltmağa və ətraf mühiti yaxşılaşdırmağa kömək edəcək. Layihənin tərkib hissələrindən biri də müasir standartlara cavab verən piyada yerlərinin, velosiped yollarının və avtobus dəhlizlərinin salınması yolu ilə küçə infrastrukturunun təkmilləşdirilməsidir. Layihə çərçivəsində həm müasir avadanlıq, həm də proqram təminatı alınaraq həyata keçiriləcək. Layihənin ümumi dəyəri 47 milyon avro təşkil edir və beynəlxalq məsləhətçilər və sənaye ekspertlərinin cəlb edilməsi ilə növbəti 4 il ərzində həyata keçiriləcək”, - deyə Kaxa Kaladze bildirib.


