Qardabanidə gənc oğlanı avtomobilində güllələyən şəxslər həbs cəzasına məhkum edildi
Rustavi Şəhər Məhkəməsi Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində baş verən silahlı atışma ilə bağlı saxlanılan hər üç müttəhimi təqsirli bilib.
InterPress.ge xəbər verir ki, söhbət 2021-ci il dekabrın 20-də naməlum şəxslərin avtomobildə gənci güllələyib gizləndiyi hadisədən gedir.
Prokurorluğun verdiyi məlumata görə, prosesdə tədqiq edilən sübutlarla sübut olunub ki, 2021-ci il dekabrın 20-də Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində təqsirləndirilən şəxslər münaqişə zəminində qisas məqsədilə avtomobildə olan gəncə odlu silahla bir neçə dəfə atəş açıblar və qaçaraq gizləniblər. Zərərçəkmiş atışma nəticəsində aldığı xəsarətlərdən xəstəxanada ölüb, hadisə yerində olan digər şəxs isə ölümdən xilas olub.
Polis təqsirləndirilən şəxsləri ötən il dekabrın 21-də saxlayıb. Onlara qarşı qrup halında qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qanunsuz qrup halında odlu silah, döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə, özgənin əmlakına qəsdən ziyan vurma maddələri ilə ittiham irəli sürülüb.
Onların hər biri 19-19 il müddətinə azadlıqdan məhrum edilib.


