31 
Avq
2022
12:36
894

Hüquq-mühafizə orqanının iki əməkdaşı vətəndaşlara qarşı nalayiq rəftara görə saxlanıldı

Xüsusi İstintaq Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində saxlanılan şəxslərlə nalayiq rəftar faktları aşkar edilib, nəticədə Gürcüstan Daxili İşlər Nazirliyinin Zestaponi rayon şöbəsinin inspektor- müstəntiqi və Patrul Polisi Departamentinin Acarıstan Baş İdarəsinin patrul-inspektoru müxtəlif cinayət işlərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı ilə saxlanılıblar.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, 2022-ci il yanvarın 15-də Zestaponidə sərxoş vəziyyətdə olan vətəndaş Q.M. Zestaponi rayon şöbəsinin inspektor-müstəntiqinə hücum zamanı saxlanılıb. Saxlandıqdan sonra onu Zestaponi rayon şöbəsinin binasına aparıblar və orada Zestaponi rayon şöbəsinin müstəntiq-inspektoru vətəndaş Q.M.-nin üzünə bir dəfə şillə vurub.

İkinci pis rəftar hadisəsinə gəlincə, 31 iyul 2022-ci il tarixində Batumidə Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Acarıstan Baş İdarəsinin Xətt Patrul Bölməsinin patrul inspektorları sərxoş vəziyyətdə olan vətəndaş Q.Q.-ni inzibati qaydada saxlayıblar. Patrul inspektoru saxlanılan şəxsi patrul polisi avtomobilinin arxa salonunda yerləşdirərək sağ tərəfində əyləşib. Saxlanılan şəxsin müqavimətinin qarşısını almaq üçün patrul inspektoru əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə vurub, həmçinin qandalları başına vuraraq ona fiziki xəsarət yetirib.

Xüsusi İstintaq Xidməti sübutları əldə etdikdən sonra Gürcüstanın “Xüsusi İstintaq Xidməti haqqında” Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətdən istifadə edib və prokurora cinayət təqibinin başlanması xahişi ilə yazılı təkliflərlə müraciət edib, bundan sonra Gürcüstan Prokurorluğunun vəsatəti əsasında məhkəmə cinayətdə ifşa olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının saxlanılması barədə qərar çıxarıb.

Qeyd olunan hallar üzrə Xüsusi İstintaq Xidməti tərəfindən araşdırmalar davam etdirilir, hər iki hüquq-mühafizə orqanı əməkdaşı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” yarımbəndində nəzərdə tutulmuş cinayətə görə (zorakılıq yolu ilə vəzifə səlahiyyəti həddini aşma) saxlanılıb ki, burada da cəza olaraq 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər