Çörəyə istinad qiymətləri tətbiq edilə bilər
"Çörəyin qiymətini nəzarət altına almaq üçün dərmanlar kimi, çörəyə də istinad qiymətləri müəyyən edilməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə "Gürcüstan Çörək Sənayesi Birliyi”nin sədri Malxaz Dolidze açıqlama verib.
Dolidzenin sözlərinə görə, çörəyin hazırkı qiyməti istehsalın diktə etdiyi qiymət deyil, “mağazalardan alınan” qiymətdir.
"İstinad qiymətləri tətbiq edilməlidir. Mağazaya çörək verilirsə, bu məbləği mənfəətdə əks etdirməməlidirlər. Əlbətdə ki, qazanc əldə etməlidirlər, ancaq bu əhaliyə çox təsir etməməlidir", - deyə o söyləyib.
Onun sözlərinə görə, çörək istehsalçıları çörəyin qiymətini imkan daxilində təxminən 10 tetri ucuzlaşdırmaq istəyirlər.
“Təbii qaz, elektrik enerjisi və s. hamısı qiymətlərdə öz əksini tapır, ona görə də imkan daxilində bunu çörəyin qiymətində əks etdirəcəyik, xüsusən də tendensiya budur ki, bu gün unun qiyməti aşağı düşür. Sahibkarın arzusu həmişə daha çox çörək satmaqdır, ona görə də imkan daxilində qiyməti 10 tetri aşağı salmaq istəyirik”, - deyə Malxaz Dolidze bildirib.


