Borjomidə baş verən yanğın ilə bağlı yeni təfərrüatlar - VİDEO
Borjomi Bələdiyyəsində gücləndirilmiş qüvvələrlə gecə boyu fasiləsiz olaraq yanğının lokallaşdırılması və söndürülməsi işləri aparılıb.
lnterPress.ge xəbər verir ki, hazırda söndürülmüş və lokallaşdırılmış yanğın ocaqları aktiv ocaqların sayından çoxdur.
Yanğının söndürülməsi prosesində yanğınsöndürənlərlə birlikdə, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Regional İnkişaf və İnfrastruktur Nazirliyinin müxtəlif idarələrinin, eləcə də Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları bu gün də fəal iştirak edirlər.
Türkiyə Respublikasının sərhəd polisinin helikopterləri və üç ixtisaslaşdırılmış yanğınsöndürmə təyyarəsi səhər saatlarında işini bərpa edib. Vadidə hələ də vaxtaşırı güclü külək müşahidə olunur ki, bu da yanğının söndürülməsinə mane olur amma, yanğınsöndürənlər və xilasedicilər müxtəlif nazirliklərin əməkdaşlarının köməkliyi ilə alovun genişlənməsinin qarşısını almaq və bütün mövcud mərkəzlərdə yanğını vaxtında lokallaşdırıb söndürə bilmək üçün hər şeyi edirlər. Həmçinin yanğının yaşayış məntəqələrinə və ya strateji obyektlərə keçməməsi üçün müvafiq yanğının qarşısının alınması tədbirləri fəal şəkildə həyata keçirilir. Lokallaşdırma və söndürmə işlərinin canlı qüvvə ilə aparılmasının mümkün olmadığı çətin, əlçatmaz ərazidə Türkiyə Respublikasının sərhəd polis helikopterləri və üç ixtisaslaşdırılmış yanğınsöndürmə təyyarəsi yanğınsöndürmə işlərini fəal şəkildə həyata keçirir.
Qeyd edək ki, çətin lokallaşdırma və söndürmə işlərinə baxmayaraq, yanğının söndürülməsində iştirak edən qurumların bir nəfər də olsun nümayəndəsi xəsarət almayıb.


