Xüsusi İstintaq Xidməti tərəfindən şəxsi həyat sirrini pozma faktı üzrə 5 nəfər saxlanıldı
Bu ilin iyul-avqust aylarında Xüsusi İstintaq Xidməti tərəfindən müxtəlif cinayət işləri üzrə şəxsi həyat sirrini pozma faktı üzrə 5 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətindən məlumat verilib.
Məlumata görə, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda onlarla münasibətdə olan zərərçəkmişlərin çılpaq bədənlərinin fotolarını, videolarını və intim yazışmalarını saxlayıb, sosial şəbəkələrdə yerləşdirib, mobil telefon vasitəsilə zərərçəkmişlərin yaxınlarına və qohumlarına göndəriblər, həmçinin bəzi hallarda qeyd olunan foto və video materialdan zərərçəkmiş şəxslə münasibəti davam etdirmək üçün şantaj vasitəsi kimi istifadə ediblər.
Xüsusi İstintaq Xidmətinin iş üzrə əldə etdiyi sübutlara əsasən, Gürcüstan Prokurorluğu saxlanılan beş nəfərin hamısını Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə ittiham edib ki, bu da dörd ildən yeddi ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“2022-ci il martın 1-dən müstəqil Xüsusi İstintaq Xidməti əhəmiyyətli dərəcədə artan funksiyaları ilə fəaliyyətə başlayıb. İctimaiyyətə xatırlatmaq istərdik ki, Xidmətin istintaq bölməsinə rəsmi cinayətlərlə yanaşı, Gürcüstan Cinayət Məcəlləsinin 157, 1571, 158 və 159-cu maddələrində nəzərdə tutulmuş cinayətlər də daxildir.
Xüsusi İstintaq Xidməti vətəndaşların şəxsi həyat sirrinin pozulması hallarının qarşısının alınması və bu cinayətə qarşı mübarizə məqsədilə aktiv məlumatlandırıcı və qabaqlayıcı tədbirlər həyata keçirməyi planlaşdırır”, - məlumatda deyilir.


