09 
Avq
2022
18:29
1491

Gənc müəllim 600-dən çox tələbə yetişdirib - FOTO

"7 ildir ki, universitetə tələbələr yetişdiririk. Bu 7 il ərzində 600- dən çox abituriyentim tələbə adı qazanıb. Onların içində artıq universiteti bitirib işləyənlər də, hazırda oxuyanlar da və bu il qəbul olanlar da var. Ən böyük rekordum isə bu il oldu. 130 nəfər abituriyentim tələbə statusunu qazandı. Bu ilki tələbələrim içərisində yazı hissədən maksimum 40-da 40 bal nəticə əldə edənlər oldu".

Bu barədə riyaziyyat müəllimi Elvir Həsənoğlu lnterPress.ge- yə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, onun hər il təxminən 90- 100 nəfər abituriyenti universitetə qəbul olur. 

"Biz sadəcə riyaziyyat dərsləri tədris etmirik. Biz dərslərimiz çərçivəsində böyük bir ailəyə çevrilirik. Biz dərslərə sadəcə quru dərs kimi yanaşmırıq, dərslərimizi sevərək tədris edirik. Məktəb vaxtlarından ən böyük xəyalım əvvəl özüm öyrənib daha sonra öyrəndiklərimi başqalarına öyrətmək olub. 13 illik təhsil sferamda da bunun üçün çalışırdım- özümü hazır hiss etdikdən sonra mən artıq tələbələr yetişdirməyə başlayacam  və Allahın izni ilə buna da nail oldum.  Ən böyük xəyallarımdan biri ölümsüz olmaq idi, təbii ki, bioloji yox mənəvi tərəfdən. Həmişə xəyal edirdim ki, elə bir şəxsə çevrilim ki, hər zaman ağıllarda qalım gənclər üçün, cəmiyyət üçün üçün xeyrim dəyəcək nələrsə edim", - deyə Elvir Həsənoğlu bildirib.

"Tələbələrimin uğurlarına çox sevinirəm. Tələbələrimin bəlli bir hissəsi artıq universiteti bitiriblər, artıq işləyirlər, müəllim kimi fəaliyyət göstərirlər. Qeyd edim ki, məndən əvvəl müəllimliyi sevməyən şagirdlərim, abituriyentlərim bizimlə, dərslərimizlə, metodlarımızla tanış olduqdan sonra əksəriyyəti indi müəllim olmağa can atır. Mənim fikrimcə bir cəmiyyəti xilas etmək üçün əvvəlcə məktəblərdən başlamaq lazımdır. Bunun üçün isə, sağlam və gənc təfəkkürlü müəllimlərə ehtiyac var. Ən böyük istəyim də budur ki, tələbələrimizin əksəriyyəti müəllim olsun və cəmiyyət üçün çalışsınlar", - deyə Həsənoğlu qeyd edib. 

O qeyd edib ki, bir  neçə aya  riyaziyyat məktəbinin açılışı olacaq və orada dərslər daha effektiv, daha geniş formatda və yeni üsullarla həyata keçiriləcək. 

"Mən ilk əvvəl dərsə başlayanda iki nəfər tələbəm olub. Elə bilirdim ki, dünyanın ən xoşbəxt insanıyam çünki, artıq öyrətməyə başlamışdım. Bu 7 il ərzində hər il daha da yüksək nəticələr əldə etdiyimizə görə, tələbələrimizin sayı da artır. Hal- hazırda dərslər evdə, "İdeyalar" adlı otağımızda keçirilir. Amma uşaqlıqdan gənclərə xidmət edə biləcəyim şəxsi kiçik bir riyaziyyat məktəbimin olmasını istəmişəm. Biz bunu tikməyi düşünürdük və sonunda artıq başlamışıq. Düşünürük ki, yəqin bir  neçə aya açılışımız olar. Artıq dərslərimizə orada daha effektiv, daha geniş formatda və yeni metodlarla davam edəcəyik. Düşünürəm ki, orada 200 -dən çox abituriyent qəbul edə biləcəyik", - deyə Elvir Həsənoğlu bildirib.

Bizimlə əlaqə saxlayın