Gürcüstana külli miqdarda kokain gətirməyə çalışan Ukrayna vətəndaşı saxlanıldı
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı S.K.-ni Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstana qanunsuz olaraq 3 kiloqrama qədər “kokain” gətirmək ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Ukrayna vətəndaşı qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsində və saxlanmasında və Gürcüstan ərazisinə qanunsuz gətirməkdə ittiham olunur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin çantasının yoxlanılması nəticəsində əvvəlcədən hazırlanmış gizlətmə yerindən xüsusilə külli miqdarda - 3 kiloqramadək narkotik vasitə olan “kokain” götürüblər. İstintaq müəyyən edib ki, S.K. narkotik vasitəni Braziliya Federativ Respublikasından Gürcüstana gətirib.
Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması və Gürcüstana qanunsuz gətirilməsi ilə bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “A” yarımbəndi və 262-ci maddənin 4-cü hissəsinin “A” yarımbəndi əsasında aparılır.
Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


