Marneulinin Ambarovka kəndində qız qaçırılıb
Marneuli bələdiyyəsinin Ambarovka kəndində 20 yaşlı qız qaçırılıb və hadisənin 2 gün əvvəl baş verməsinə və gənc qadının ailəsinin kömək istəməsinə baxmayaraq, polis hələ də onu tapa bilməyib.
InterPress.ge xəbər verir ki, mülki fəal Samirə Bayramova bununla bağlı məlumat paylaşıb.
Bayramova yazıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nə bu fakta, nə də ümumiyyətlə, digər oxşar hallara reaksiya vermirlər.
“Marneulinin Ambarovka kəndindən qız zorla qaçırılıb.
İki gündür ki, onun valideynləri və qohumları polis binasının qarşısında gecələyir və hələ də qızı tapa bilməyiblər.
[...]
İşin qısa tarixi: qaçırılan qızın 20 yaşı var, Marneulidə kollecdə oxuyur, onun qrup yoldaşı bir gün əvvəl qıza yazıb və imtahanın vaxtının dəyişdiyi və sabah olacağı barədə məlumat verib. Marneulidə qızı qaçırmaq planlarını həyata keçirə bilməyiblər və qız kəndə qayıdanda ictimai nəqliyyatdan düşərkən zorla qaçırılıb. Qızı qaçıran oğlan onun qrup yoldaşının qardaşıdır. Ailələr bir-birini tanımır, nə də qız oğlanı tanıyır. Valideynlər deyir ki, qızın qaçırılması planını oğlanın bacısı hazırlayıb. Qızın valideynləri və qohumları səhər mənə zəng vurub dedilər ki, polis hadisəyə reaksiya vermir və bizə kömək edin. Polisin reaksiya verməməsinin bir səbəbi var, müxtəlif adamlar vasitəsilə valideynlərin barışmasını gözləyirlər. Bu barışıq prosesində dövlət məmurlarından tutmuş, yaxın qohumlarına qədər bir çox insan iştirak edir. Ailəni psixoloji və emosional olaraq razılaşmağa məcbur edirlər, çünki onların qızı artıq ikinci dərəcəlidir, onun qaçırıldığını hamı bilir, yaxşı olar ki, bu şansı əldən verməsinlər, çünki bir qız bir oğlanındır”, - Samirə Bayramova yazıb.


