Marneulidə cinayətlə bağlı bir nəfər saxlanıldı
Marneulidə baş verən qəsdən adam öldürmə hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü A.İ.-ni yaxalayıb.
İstintaqla müəyyən edilib ki, bu il iyulun 14-də təqsirləndirilən şəxs Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndində torpaq sahəsi üzərində yaranmış münaqişə zəminində həmkəndlisi - 1958-ci il təvəllüdlü T.E. -yi ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb. Yaralı daha sonra tibb müəssisəsində dünyasını dəyişib.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


