Parlamentin sədri: "Bidzina İvanişvilinin oliqarx olduğunu deyən hər kəs bu cür bəyanatlarla gürcü demokratiyasını təhqir edir"
"Bidzina İvanişvilinin oliqarx olduğunu deyən hər kəs bu cür bəyanatlarla gürcü demokratiyasını təhqir edir. Bu, məhz radikal gündəmin təşviqidir".
InterPress.ge xəbər verir ki, Parlamentin sədri Şalva Papuaşvili Avropa Parlamentinin deputatı Rasa Yukneviçienenin “deoliqarxizasiya debidzinasiya, yaxud deivanişvilizasiya deməkdir” bəyanatına belə cavab verib.
Papuaşvilinin sözlərinə görə, “Gürcü Arzusu” artıq ritorikanı yumşaltmaq üçün addım atıb.
“Bir daha Avropa Parlamentinin üzvlərini radikal müxalifətin radikal gündəliyini həyata keçirməkdə dəstəkləmək əvəzinə, tövsiyələrin depolarizasiya ilə bağlı birinci bəndinə nəzər salmağa və qütbləşmənin təhrikçisi olmamağa çağırıram, bu cür bəyanatlar qütbləşməni təhrik edir və başqa şeylərlə yanaşı, Avropa Birliyinin ruhuna ziddir. Bircə onu deyə bilərəm ki, bu konkret deputat Avropa İttifaqının ruhuna ziddir, Gürcüstanda qütbləşməni təşviq edir və digər məsələlərlə yanaşı, Gürcüstan demokratiyasını təhqir edir.
Hamımız görürük ki, siyasi elitada qütbləşmə problemdir. Məsələ burasındadır ki, ritorikanı yumşaltmaq üçün biz, “Gürcü Arzusu” addım atdıq, təəssüf ki, radikal müxalifət bu işdə bizi izləmir və qütbləşmiş ritorikadan istifadə etməkdə davam edir, təəssüf ki, Avropa Parlamentinin bəzi deputatları eyni ritorikanı paylaşırlar”, - Papuaşvili bildirib.
Məlumat üçün bildirək ki, avropalı parlamentari Rasa Yukneviçiene Avropa Parlamentində Aİ-nin Gürcüstanla assosiasiya sazişinin illik hesabatının müzakirəsi zamanı deyib ki, “deoliqarxizasiya debidzinasiya, yaxud deivanişvilizasiya deməkdir”.
“Əgər “Gürcü Arzusu” Avropa Komissiyasının təklifində qeyd olunan deoliqarxizasiyanın nə demək olduğunu başa düşmürsə, mən onlara bunu başa düşməyə kömək edəcəm – bu, “debidzinasiya” və ya “deivanişvilizasiya” deməkdir”, - deyə Yukneviçiene bildirib.


