Dövlət büdcəsinə külli miqdarda zərər vurmaq faktına görə 4 nəfər cinayət məsuliyyətinə cəlb edildi
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qrup halında saxta vergi sənədlərinin hazırlanması və istifadəsi, habelə dələduzluq yolu ilə dövlət büdcəsinə külli miqdarda zərər vurma faktı ilə əlaqədar dörd nəfər cinayət məsuliyyətinə cəlb edilib.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə 2019-2021-ci illərdə idarə etdikləri şirkətlərin adından saxta malların çatdırılmasını əks etdirən saxta vergi hesab-fakturaları tərtib ediblər bu yolla 270.000 laridən çox saxta aktiv yaradıblar, daha sonra büdcə qarşısında mövcud öhdəliklərin ödənilməsində istifadə ediblər.
Həmin şirkətlərdə aparılan vergi yoxlaması ilə əlaqədar gözlənilən hesablaşmaların qarşısını almaq üçün təqsirləndirilən şəxslər malların satın alındığını təsdiq edən saxta alqı-satqı sənədləri tərtib edərək nəzarət orqanına təqdim ediblər.
Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 1-ci və 2- ci hissələri, 185-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq davam etdirilir ki, burada da 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur”, - İstintaq Xidməti bildirib.


