06 
Iyl
2022
23:09
3902

Gürcüstanda Qurban bayramı nə vaxtdır və nələrə diqqət yetirilməlidir? - Şeyxdən açıqlama

İslam aləmində ən müqəddəs bayram olan Qurban bayramına artıq sayılı günlər qalıb. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

InterPress.ge xəbər verir ki, Bütün Gürcüstanın şeyxi Ramin İgidov qarşıdan gələn Qurban bayramı münasibəti ilə müsəlmanları təbrik etdi və Qurban bayramı barədə danışdı.

"Gürcüstanda və dünyada yaşayan bütün müsəlmanları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirəm.

Bu il müqəddəs Qurban bayramı təqvimə görə, 10 iyul tarixindən başlayaraq 3 gün qeyd ediləcək. Onu da bildirim ki, bəzi ölkələrdə  bayramın iyulun 9 dan başlaması qeyd olunub. 

 "Eydul-Əzha" da adlanan Qurban bayramı İslam aləmində ən böyük bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Ramazan bayramından 70 gün sonra qeyd olunur və üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. 
 Bu gün, Qurban kəsmə adəti hamıya məlum olduğu kimi Hz. İbrahim Peyğəmbərin (ə) həyatında baş verən hadisədən – oğlu Hz. İsmayılı (ə) Allah üçün qurbanetmə sınağına çəkilmədən sonra yaranmışdır. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanlığı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və əsl bəndəliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi olaraq yaşamışdır.

  Qurban kəsmək  Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə tövsiyə olunan yaxşı – müstəhəb əməllərdəndir. 
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətinin bir hissəsini imkansızlara, kasıblara paylamalıdır. Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə, yerdə qalan iki hissədən birini də öz qonşularına və yaxınlarına verə bilər. Digər bir hissəni isə mütləq ehtiyacı olanlara paylamalıdır. Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara paylaya bilər. Burda əsas məqsəd dindarlığa və ilahi razılığa nail olmaqdır. “Qurani-Kərim”də buyurulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. Qurban Allaha olan sevginin isbatıdır. Yaradana olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik.",- Ramin İgidov qeyd edir.

O, həmçinin müsəlmanların Qurban bayramında nələrə diqqət edəcəyini qeyd edərək bildirir ki, nəzir, əhd qurbanlıqları da Qurban bayramı günlərində kəsilə bilər.

"Qurbanlıq sağlam niyyətlə kəsilməlidir. Yəni yalnız ALLAH üçün olmalı, Allahın adı ilə kəsilməlidir;

* Qurbanlıq heyvan halal pul ilə alınmalıdır;

* Kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
-Ən azı dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq.

* Qurban həddi-büluğa çatmış, ağlı başında olan müsəlman tərəfindən şəriətin buyurduğu yerdən kəsici iti alətlə kəsilməlidir.

Qeyd edim ki, nəzir, əhd qurbanlıqları da şəriətin şərtlərinə əməl etməklə Qurban bayramı günlərində kəsilə bilər",- R. İgidov bildirir.

Bizimlə əlaqə saxlayın