İrakli Kobaxidze: Ukraynaya namizəd statusunun verilməsi kiçik stimuldur
"Bu gün biz Avropa liderlərindən birinin bəyanatını eşitdik ki, Ukrayna normal şəraitdə namizəd statusu ala bilməyəcəkdi və o statusu məhz müharibəyə görə alır".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, Aİ Moldovanın hərbi-siyasi neytrallığına, hətta Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüyünə çətinliklər şəraitində göz yumub və ona namizəd statusu verib.
“Lakin biz onu da başa düşürük ki, Avropa Komissiyası və Avropa Şurası siyasi qərar qəbul edir. Beləliklə, indiki fövqəladə siyasi vəziyyətdə Avropa Komissiyasının qərarının məntiqi siyasi izahı var.
Rusiyanın hərbi təcavüzü və davam edən müharibə artıq Ukraynaya ən böyük humanitar və iqtisadi ziyan vurub. Müharibə on minlərlə ukraynalı əsgər və mülki vətəndaşın ölümünə səbəb olub, hər üç ukraynalıdan biri məcburi köçkündür, ölkənin infrastrukturunun böyük hissəsi məhv edilib, yüzlərlə şəhər və kənd dağıdılıb, beynəlxalq maliyyə institutları Ukrayna iqtisadiyyatının 45 faiz azalacağını proqnozlaşdırır. Bütün bunların fonunda Ukraynaya namizəd statusunun verilməsi dost ölkəmizin Avropa İttifaqından almalı olduğu kiçik bir stimuldur. Bu gün biz Avropa liderlərindən birinin bəyanatını eşitdik ki, Ukrayna normal şəraitdə namizəd statusu ala bilməyəcəkdi və o statusu məhz müharibəyə görə alıb.
Münaqişə zonasına coğrafi yaxınlığına görə Ukraynada davam edən müharibə dost ölkə Moldovaya da ciddi ziyan vurdu. Bu ilin birinci rübündə Gürcüstanın iqtisadi artımı 14,5 faiz olduğu halda, Moldovada analoji göstərici cəmi 1 faiz olub. Eyni zamanda, yarım milyon ukraynalı qaçqın Moldovaya sığınıb və təbii olaraq 2,5 milyonluq ölkənin üzərinə böyük yük düşür, Aİ isə müvafiq yükü birbaşa yüngülləşdirir. Ukraynada davam edən müharibənin ağır iqtisadi və humanitar təsirini nəzərə alaraq Moldovanı da həvəsləndirmək lazım idi ki, bu da onun ağır vəziyyətini iqtisadi cəhətdən olmasa da, siyasi baxımdan müəyyən qədər yüngülləşdirəcək. Maraqlıdır ki, mövcud çətinliklər fonunda Aİ Moldovanın hərbi-siyasi neytrallığına və hətta MDB-yə üzvlüyünə göz yumdu və hər şeyə rəğmən ona namizəd statusu verdi”, - Kobaxidze bildirib.


