Ukrayna sərhədi boyunca, o cümlədən Polşada müvəqqəti taxıl anbarları tikiləcək
Ukraynadan taxıl ixracını təşviq etmək üçün Ukrayna sərhədi boyunca, o cümlədən Polşada müvəqqəti taxıl anbarları tikiləcək.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden açıqlama verib.
“Ukraynada ilişib qalmış 20 milyon ton taxılın bazara çıxarılması və ərzaq qiymətlərinin aşağı salınmasına kömək etmək üçün avropalı tərəfdaşlarımızla işləyirəm. Biz Ukraynanın sərhədlərində, o cümlədən Polşada müvəqqəti strukturlar tikmək niyyətindəyik”, - deyə Co Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynadan dəmir yolu ilə taxıl ixrac etmək planı üzərində işləyir, lakin Ukraynanın dəmir yolları Avropadan fərqlidir, ona görə də taxıl sərhəddən müxtəlif qatarlarda daşınmalıdır. Bayden izah edib ki, taxıl əvvəlcə Ukrayna dəmir yolu vaqonlarından yeni taxıl anbarlarına, sonra isə Avropa yük vaqonlarına daşına bilər. Ancaq bu, vaxt tələb edir", - deyə Bayden bəyan edib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən və Qara dəniz limanlarını bloklamasından sonra Ukraynada taxıl ixracı dayanıb və 20 milyon tondan çox məhsul siloslarda qalıb.


