14 
Iyn
2022
10:07
281

ABŞ dollarının möhkəmlənməsi fonunda neft bir qədər ucuzlaşıb

ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşması, həmçinin Çin və Liviyadakı vəziyyət fonunda dünya bazarlarında neftin qiyməti bir qədər düşüb.

InterPress.ge birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16% ucuzlaşaraq 1 bareli 122,07 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,12% aşağı düşərək 1 bareli 120,78 ABŞ dolları təşkil edib.

ABŞ dollarının məzənnəsinin artması neftin qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar nefti satınalmalar üçün daha az əlçatan edir. Bir neçə gün davam edən artımdan sonra dolların indeksi 105 bənddən yuxarıdır, bu isə 2002-ci ilin dekabrından sonra ən yüksək göstəricidir.

Treyderlər neftin ən böyük idxalçı və istehlakçılarından olan Çində koronavirusa yoluxmanın artması fonunda tələbin perspektivlərini qiymətləndirirlər. İnvestorlar Çində COVID-19 əleyhinə tədbirlərin sərtləşdirilməsinin tələbə təsir göstərəcəyindən narahatdırlar.

Bazara təsir edən digər bir vacib amil Liviyadakı vəziyyətdir. Hazırda ölkədə davam edən siyasi böhran səbəbindən neft hasilatı demək olar ki, dayanıb. Belə ki, hazırda gündəlik neft hasilatı 100 min barel səviyyəsindədir, ötən il isə bu göstərici gündəlik 1,2 milyon barel təşkil edib.

Bizimlə əlaqə saxlayın