Avropa Parlamentinin deputatı siyasətçilərə səsləndi: "Bugünkü müzakirəni son xəbərdarlıq kimi qəbul edin"
“Gürcüstan bir neçə il əvvəl Şərq Tərəfdaşları arasında lider idi, lakin təəssüf ki, son zamanlar öz sürətini və demokratik islahatlara güclü sadiqliyini itirdi”.
InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentində müzakirələr zamanı Avropa Parlamentinin deputatı və Estoniyanın keçmiş xarici işlər naziri Marina Kaliurand deyib.
"Bir neçə ay əvvəl biz bu binada Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı qətnaməni böyük səs çoxluğu ilə dəstəklədik. Bir neçə həftə əvvəl Moldova prezidenti ilə yaxşı danışıqlarımız oldu və biz onların Avrointeqrasiya prosesindəki nailiyyətlərini etiraf etdik. Bu gün biz "Gürcüstanda media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələləri”ni müzakirə edirik", - Kaliurand bildirib.
O, gürcü siyasətçilərini bugünkü müzakirəni “son xəbərdarlıq” kimi qəbul etməyə çağırıb.
“Mən iqtidar və müxalifətdən olan gürcü siyasətçilərini bugünkü müzakirəni son xəbərdarlıq kimi qəbul etməyə çağırıram. Partiya maraqlarını bir kənara qoyun, bir-birinizi ittiham etməyi dayandırın və demokratik islahatlar üzərində birgə fəaliyyətə başlayın. Fürsətlər pəncərəsi hələ də açıqdır və gürcü xalqının sizdən gözlədiyi budur", - deyə o söyləyib.


