Baş nazir Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü
Gürcüstanın Avropa İttifaqına namizəd statusu ilə bağlı doldurduğu anket, Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər və həyata keçirilən islahatlar Gürcüstanın baş naziri ilə Avropa Komissiyasının vitse-prezidenti arasında görüşdə əsas mövzuları olub.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bratislavada Qlobal Təhlükəsizlik Forumu çərçivəsində keçirilən görüşdə İrakli Qaribaşvili və Maroş Şevçoviç Gürcüstanın Avropaya inteqrasiyası istiqamətində atacağı addımlarını müzakirə ediblər.
Baş nazir bəyan edib ki, Gürcüstan Assosiasiya Sazişində və Dərin və Hərtərəfli Azad Ticarət Zonasında nəzərdə tutulan islahatların 45%-ni artıq həyata keçirib və bu proses davam edir. Hökumət başçısı vurğulayıb ki, Avropa İttifaqına inteqrasiya təkcə Gürcüstan hökumətinin deyil, həm də gürcü xalqının seçimidir və ölkə bu yolda kompleks islahatları davam etdirəcək.
Görüş zamanı Ukraynada cari müharibə və onun geniş bölgədə təhlükəsizlik mühitinə təsiri barədə danışılıb. Baş nazir və Avropa Komissiyasının vitse-prezidenti Gürcüstanın işğal olunmuş ərazilərindəki ağır humanitar vəziyyətdən də bəhs ediblər.
İrakli Qaribaşvili Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha qeyd edib.


