02 
Iyn
2022
14:20
4212

Gürcüstan vətəndaşları bu ölkələrdə qanuni işləmək imkanı əldə edəcəklər

Gürcüstan vətəndaşlarına xaricdə işləmək üçün hüquqi imkanlar yaradan dairəvi miqrasiya layihələri davam edir. 

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin parlamentə təqdim etdiyi hökumət proqramının icrası ilə bağlı hesabatda qeyd olunub.

“Xaricdə müvəqqəti qanuni məşğulluq imkanlarının genişləndirilməsi və əməkçi miqrantların hüquqlarının müdafiəsi məqsədilə ikitərəfli və çoxtərəfli sazişlərin bağlanması üçün Aİ-yə üzv dövlətlər və digər yüksək inkişaf etmiş ölkələrlə intensiv dialoq aparılır”, - deyə hesabatda bildirilir.

Sənəddə bununla bağlı bir sıra ölkələrdə artıq əldə edilmiş nəticələrdən bəhs edilir. O cümlədən, Almaniya ilə razılaşmaya əsasən, alman tərəfi illik 5 min nəfərlik kvota verir. 2021-ci il ərzində 308, 2022-ci il mayın 1-nə qədər isə 132 vətəndaş seçilərək işlə təmin olunub.

Eyni zamanda, İsraildə qanuni məşğulluq məqsədi ilə məlumat bazasında 2076 Gürcüstan vətəndaşı qeydiyyatdadır. Buradan, müqavilədə müəyyən edilmiş meyarlara uyğun olaraq, İsrail tərəfindən 60 ərizəçi seçilmişdir ki, onlar hazırda "lotereya" mərhələsindədirlər.

Həmçinin, İsraillə sazişin həyata keçirilməsini asanlaşdırmaq üçün 2021-ci ilin sonunda Təhsil Nazirliyinin Milli Təhsil Keyfiyyəti Mərkəzi və müvafiq peşə kollecləri ilə sıx əməkdaşlıq şəraitində baxıcılar üçün yeni qısamüddətli (144 saatlıq) təlim kursu, “Geriatric Assistant” hazırlanıb. Bundan sonra 2022-ci ilin sonuna qədər 1000 Gürcüstan vətəndaşı İsraildə işlə təmin olunmaq imkanı əldə edəcək. 

"Gürcüstan və Fransa hökumətləri arasında ixtisaslı mütəxəssislərin rezidentliyi və dairəvi miqrasiya haqqında" imzalanmış ikitərəfli saziş çərçivəsində Fransada qanuni məşğulluq imkanlarının yaradılması istiqamətində işlər aparılır. Fransanın regionlarından birində Gürcüstan vətəndaşlarının məşğulluğunun dəstəklənməsi üzrə pilot layihə hazırlanıb və ona əsasən, 100 Gürcüstan vətəndaşının Fransada müvəqqəti qanuni işə cəlb edilməsi planlaşdırılır.

Bundan əlavə, 30 noyabr 2021-ci il tarixində "Bolqarıstan Respublikası ilə Gürcüstan arasında Əmək Miqrasiyasının Tənzimlənməsi haqqında" Saziş imzalanıb, ona əsasən Gürcüstan vətəndaşlarının müvəqqəti qanuni işlə təmin olunması Aİ-nin başqa bir ölkəsində də mümkün olacaq.

Digər Avropa ölkələrində qanuni məşğulluq imkanlarının yaradılması məqsədilə ümumilikdə 9 ölkə (Portuqaliya, İspaniya, Çexiya, Xorvatiya, Kipr, Macarıstan, Finlandiya, Belçika və Yunanıstan) ilə dialoqa başlanılmış və "Qanuni müvəqqəti (dairəvi) əmək miqrasiyası sahəsində Gürcüstan hökuməti ilə ölkə hökuməti arasında əməkdaşlıq haqqında" saziş layihəsi Avropa İttifaqına göndərilmişdir", - deyə hesabatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər