Gürcüstan Prezidenti həmvətənlərini Müstəqillik Günü münasibətilə təbrik etdi
"26 May sadəcə keçmişi canlandırmaq günü deyil, adi bir bayram da deyil, düşüncə və dərk etmə günüdür! O gündür ki, biz ölkəmizi düşünməli və özümüzə sual verməliyik ki, biz bu ölkənin gələcəyi, xalqının rifahı, müstəqilliyi, azadlığı üçün lazım olan hər şeyi edirikmi?”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
Prezidentin qeyd etdiyinə görə, mayın 26-da gürcü xalqı azad, müstəqil ölkədə yaşamaq qərarına gəlib.
“Əziz həmvətənlər! Gürcüstanın Müstəqillik Günü münasibəti ilə sizi təbrik edirəm! Xüsusilə bu gün vətənə sədaqət andı içənləri Müstəqillik Günü münasibətilə təbrik edirəm. Gürcü hərbçiləri döyüş qabiliyyəti, məsuliyyət, fədakarlıq və anda sadiqliyi ilə seçilirdi! Siz bu gün belə ləyaqətli hərbi tarixin bir parçası olmusunuz və bu ənənəni ləyaqətlə davam etdirəcəksiniz. Bilirsiniz ki, ölkənin müstəqilliyini və azadlığını müdafiə etmək asan deyil və ləyaqət və fədakarlıq tələb edir.
Mayın 26-da gürcü milləti azad, müstəqil ölkədə yaşamağa birdəfəlik qərar verdi; Beləliklə, gürcü milləti başqa bir ölkənin, köləliyin bir hissəsi olmaqdan birdəfəlik imtina etdi.
26 May sadəcə keçmişi canlandırmaq günü deyil, adi bir bayram da deyil, düşüncə və dərk etmə günüdür! O gündür ki, biz ölkəmizi düşünməli və özümüzə sual verməliyik ki, biz bu ölkənin gələcəyi, xalqının rifahı, müstəqilliyi, azadlığı üçün lazım olan hər şeyi edirikmi?
Burada və ya xaricdə yaşayan hər kəs, hər bir vətəndaşı, hər bir övlad özünə bu sualı verməlidir. Çünki müstəqillik budur, uşaqlarımızın gələcəyi bizim əlimizdədir! Heç kim bu məsuliyyətdən qaça bilməz. Ancaq bu düşüncə daha çox tribunanın bu tərəfində dayananların üzərinə düşür, çünki biz daha çox məsuliyyət daşıyırıq. Bu məsuliyyət daha da güclənir, çünki Gürcüstan tarixin bir çox həlledici anlarında olduğu kimi, yenidən yol ayrıcında dayanır. Biz yeni imkanlar və yeni çətinliklərlə üz-üzəyik, bu, bizdən ehtiyatla yanaşı, müəyyən cavablar, hazırlıq, uzaqgörənlik, gələcəyə baxış, cəsarət tələb edir. Bu, ilk növbədə, bizdən birlik tələb edir”, - deyə prezident bildirib.


