08 
May
2022
11:48
15116

Quru sərhədlərin açılmasına sayılı günlər qaldı – ŞAD XƏBƏR

Koronavirus pandemiyası ilə əlaqədar olaraq bir neçə ildir ki, Azərbaycanın quru sərhədləri bağlı vəziyyətdədir. Artıq demək olar ki, pandemiya ilə əlaqədar bütün qadağalar Azərbaycanda ləğv edilib. Bəs quru sərhədlərin hələ də açılmamasına səbəb nədir?

InterPress.ge xəbər verir ki, mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Milli məclisinin deputatı Asim Mollazadə mətbuata açıqlama verib.

O, quru sərhədlərin açılmamasının qoruma məqsədli olduğunu bildirib:

“Quru sərhədlərin açılmamasında əsas səbəb qonşu ölkələrdə virusa yoluxma sayının hələ də yüksək olmasıdır. Azərbaycan yoluxmaların qarşısını almaq məqsədilə sərhədləri açmağa tələsmir. Qonşu ölkələrdə də yoluxma sayı azalsa, sərhədləri açmaq olar. Bu da prinsipcə pandemiyanın bitməsi deməkdir”.

Məsələ ilə bağlı azərbaycanlı millət vəkili Cavanşir Paşazadə də fikirlərini bildirib:

“Bu gün Azərbaycanda pandemiya ilə bağlı yoluxma sayı və xəstəliyin azalması dövlətimizin apardığı siyasətin nəticəsidir. Həkimlərin maaşlarının artırılması, daxili tədbirlərimizin görülməsi xəstəliyin azalmasına gətirib çıxarıb. Təbii ki, bu səylər nəticəsində xəstəlikdən xilas olduq. Respublikada xəstəlik yox dərəcəsindədir. Biz həm maskalarla, həm də digər qadağalarla bağlı tədbirlər görürük. Toy, toplantı və iclasların keçirilməsinə şərait yaradıldı. Qonşu ölkələrdə olan problemlərə, xəstəliklərə müdaxilə edə bilmərik. Onlarda olan problemlərin Azərbaycana sirayət etməsini istəmərik. Quru sərhədlərində müvəqqəti olaraq müəyyən problemlərin olması ətraf ölkələrdə xəstəliklərin hələ də qalmasından irəli gəlir. Dövlət gediş-gəliş nəticəsində yenə də bu xəstəliyə düçar olmağımızı, xalqın əziyyət çəkməsini istəmir. Ona görə də dövlət müvəqqəti olaraq bu məsələyə toxunmur. Qonşu ölkələrdə də xəstəliklə bağlı vəziyyət tam düzəlsə, quru sərhədlər açılacaq. Buna sayılı günlərin qaldığını deyə bilərik”.

Bizimlə əlaqə saxlayın