Gürcüstan sərhəd-keçid məntəqəsində iki Azərbaycan vətəndaşı saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü U. T. və 1989-cu il təvəllüdlü E. M.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, onlar qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə, habelə külli miqdarda narkotik vasitələrin qanunsuz alınmasında, saxlanmasında və idxalında ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasından qrup halında sərhəd-keçid məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçib və qanunsuz olaraq 10 kiloqramdan artıq heroini ölkəyə gətirib.
Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi, 260-cı maddəsinin 3-cü hissəsinin “b” bəndi və 6-cı hissəsinin “a” bəndi, 262-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 4 -cü hissəsinin "a" bəndi ilə istintaq davam etdirilir.
Cinayətlər 15 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni əhatə edir.


