29 
Apr
2022
13:51
1445

Gürcüstan əhalisinin yeni statistikası açıqlandı

2022-ci il yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin sayı 3 milyon 688,6 min nəfərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azdır.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Geostat-ın yaydığı məlumata görə, 2021-ci ildə mənfi təbii artım (-13 960) və mənfi miqrasiya saldosu (-25 966) olub.

2022-ci il yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin 59,7 faizi şəhərlərdə yaşayır. Eyni zamanda, Tbilisi əhalisi ümumi əhalinin demək olar ki, üçdə birini təşkil edir.

2022-ci il yanvarın 1-nə əhalinin ümumi sayında 0-14 yaşlı əhalinin xüsusi payı 20,8 faiz, əmək qabiliyyətli yaşda olan əhalinin (15-64 yaş qrupu) xüsusi payı 63,7 faiz, 65 yaşlı və daha yuxarı əhalinin xüsusi payı isə 15,5 faiz təşkil edir.

2022-ci il yanvarın 1-nə kişilərin sayı 1770,0 min nəfər, qadınların sayı isə 1918,7 min nəfər olub. Eyni zamanda, Gürcüstan əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir. Cinslərin kəmiyyət nisbəti 92-dir, yəni hər 100 qadına 92 ​​kişi düşür. Qeyd edək ki, 30 yaşa qədər kişilərin sayı qadınların sayından çox olduğu halda, 30 yaşdan etibarən əks mənzərə yaranır ki, bu da qadınların kişilərə nisbətən daha uzun ömür sürməsi ilə bağlıdır. Əvvəlki illə müqayisədə 2021-ci ildə gözlənilən ömür uzunluğu 2,0 vahid azalaraq 71,4 yaşa, o cümlədən kişilər üçün 67,5, qadınlar üçün 75,4 yaşa bərabər olub. 2022-ci il yanvarın 1-nə Gürcüstan əhalisinin orta yaşı 38-dir.

2021-ci ildə emmiqrantların sayı 99 974 nəfər olub ki, bu da bir əvvəlki ilə nisbətən 34,6 faiz çox, immiqrantların sayı isə 17,8 faiz azalaraq 74 008 nəfər olub. Eyni dövrdə immiqrantların 82,5 faizini, emmiqrantların isə 88,6 faizini əmək qabiliyyətli əhali (15-64 yaş qrupu) təşkil etmişdir. 2021-ci ildə immiqrantların 53,4 faizi və emmiqrantların 80,4 faizi Gürcüstan vətəndaşları olub.

Bizimlə əlaqə saxlayın