Marneulidə bu kəndlərin adları dəyişdiriləcək
Marneulinin iki kəndinin - Kirovka və Şaumyan kəndlərinin adları dəyişdiriləcək.
InterPress.ge xəbər verir ki, bu məsələ Marneulinin bələdiyyə məclisinin son iclasında müzakirəyə çıxarılıb.
Marneulinin bələdiyyə məclisinin toplantısında Kirovka kəndinin Mcvane qora (Yaşıl təpə) və yaxud Meqobroba (Dostluq), Şaumyan kəndinin isə Yuxarı Şulaver adlandırılması təklif olunub.
Məsələyə ilk olaraq bələdiyyə məclisinin Coğrafi obyektlərin adlandırılması Komissiyasında baxılacaq və yekun qərarı yerli özünüidarəetmə orqanı qəbul edəcək.
Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda qəbul edilən “Azadlıq xartiyası”na əsasən coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağandır.
Şaumyan kəndinə Bakı komissarlarından biri olan Stepan Şaumyanın adı 1925-ci ildə verilib. Kəndin hazırkı əhalisinin böyük əksəriyyətini ermənilər təşkil edir. Kirovka kəndinin isə köhnə adı Mamey olub. Bolşevik rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə adlandırılmış kənddə əsasən azərbaycanlılar yaşayır.


