İstintaq Xidməti iki nəfəri saxladı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dələduzluq yolu ilə külli miqdarda maddi ziyan vurmaq, qrup halında saxta mülkiyyət hüququnu təsdiq edən sənəd hazırlayıb istifadə etmək və gömrük qaydalarını pozmaq faktları üzrə 2 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı İstintaq Xidməti yayıb.
Məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, qeyri-qanuni maddi səmərə əldə etmək və gömrük rüsumlarından yayınmaq məqsədilə 2019-2021-ci illərdə mütəşəkkil dəstə üzvləri xaricdən Gürcüstana tranzit gömrük rejimi altında 325 ədəd avtonəqliyyat vasitəsi gətiriblər, sonradan bu nəqliyyat vasitələrini ölkədən çıxarmaq əvəzinə gömrük rəsmiləşdirilməsi aparmadan söküb hissə-hissə sataraq dövlət büdcəsinə ümumilikdə 1 474 921,10 lari ziyan vurublar.
Qurumdan verilən məlumata görə, bu cinayəti törədən digər şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 185-ci maddəsinin 3-cü hissəsi, 210-cu maddəsinin 2-ci və 214-cü maddəsinin 2-ci və 6-cı hissələri ilə istintaq aparılır.


