Baş nazir yanacaq idxalçılarına müraciət etdi
"Dünya bazarında neftin qiyməti 95 dollardan aşağıdır, lari də dollar qarşısında möhkəmlənib, ona görə də əziz yanacaq idxalçıları, sizdən gözləyirəm ki, tezliklə əhalimizin, ölkənin vəziyyətini nəzərə alıb yanacağın qiymətinə mümkün qədər düzəliş edəsiniz".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstanda yanacağın qiymətinin tezliklə aşağı düşəcəyi gözləntiləri var və bu proses nə qədər tez başlasa, bir o qədər yaxşıdır.
"Ukraynada müharibə başlayandan bəri beynəlxalq bazarda, o cümlədən neft bazarında şok vəziyyət yarandı. Neftin qiymətləri kəskin şəkildə, təxminən 70% artaraq 140 dollara qalxdı, təxminən iki dəfə artdı, 70-80 dollar idi və bazarda çox böyük dəyişiklik baş verdi. Təbii ki, biz idxaldan asılı ölkə olduğumuz üçün praktiki olaraq hər şeyi xaricdən idxal edirik, neft məhsulları istehsalçısı deyilik, təbii ki, bizdə də qiymətlər artıb, eləcə də dünyada, Amerikada, Avropada, neftin qiyməti faktiki olaraq hər yerdə, o cümlədən hasilatçı ölkələrdə artdı. Təbii ki, Gürcüstan da istisna ola bilməzdi. Xatırlayırsınız ki, müharibə başlayandan 1-2 həftə ərzində lari də ucuzlaşdı və bütün bunlar təbii ki, qiymətlərə də təsir etdi. Ancaq görürsünüz ki, biz valyuta bazarında intervensiyaları razılaşdırdıqdan sonra vəziyyət kəskin şəkildə sabitləşdi, larinin dollara nisbətdə məzənnəsi az qala 3.00-a düşdü. Vəziyyət stabildir, vəziyyəti tutmuşuq, mümkün qədər nəzarət olunur, heç bir problem yoxdur, axınlar davam edir, turizm artır, turistlərin sayı günü-gündən artır və ümumilikdə çox müsbət gözləntilərimiz var. Biz son aylarda ikirəqəmli iqtisadi artım əldə etmişik. İxrac artır və bütün bu parametrlər nikbinliyə əsas verir.
Son məlumatlara görə, dünya bazarında neftin qiyməti 95 dollara enib və lari dollar qarşısında möhkəmlənib. Ona görə də mənim, əziz dostlar və dəyərli yanacaq idxalçılarından bir gözləntilərim var ki, siz əhalimizin, vətəndaşlarımızın, ölkəmizin vəziyyətini nəzərə alıb, yanacağın qiymətlərində tez bir zamanda düzəlişlər edəsiniz. Mən bilirəm ki, Gürcüstanda yanacağın qiymətinin tezliklə aşağı salınacağı gözləntiləri var və bu proses nə qədər tez başlasa, bir o qədər yaxşıdır. Bilirəm ki, digər qruplar da nisbətən ucuz yanacaq gətirməyə başlayıblar. Biz dərmanlar məsələsində olduğu kimi burada da prosesi açmalıyıq. Hər kəsə neft və yanacaq idxalına icazə verilməlidir ki, vətəndaşlarımız daha çox seçim etsin", - deyə baş nazir bəyan edib.


