Təhsil nazirliyində Azərbaycandilli məktəblərin bir sıra problemləri müzakirə olunub
Maarif təşkilatının və qəzetinin rəhbəri Ələddin Qarabağlı, Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Gürcüstanın Təhsil və Elm Nazirliyinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Kaxa Xandolişvili Gürcüstan azərbaycanlılarının təhsili ilə bağlı problemləri müzakirə ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Aygül İsayeva məlumat verib.
Aygül İsayevanın açıqlamasına görə, Təhsil Nazirliyində baş tutan görüşdən sonra N.Nərimanovun gürcü dilinə tərcümə edilmiş əsərlər toplusu olan kitab gələcəkdə Gürcüstan ədəbiyyatı dərsliyinə daxil edilməsi məqsədilə Nazirliyə hədiyyə olunub.
"Gürcüstanın Təhsil və Elm nazirliyində təhsillə bağlı problemlərimizi müzakirə etdikdən sonra N.Nərimanovun mənim təşəbbüsümlə gürcü dilinə tərcümə edilmiş əsərlər toplusu olan kitabını gələcəkdə Gürcüstan ədəbiyyatı dərsliyinə daxil edilməsi məqsədilə hədiyyə etdim. Qeyd edim ki, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə gürcü dili fənni tədris edilsə də, Gürcüstan ədəbiyyatı fənni keçirilmir. Biz bu məsələ ilə bağlı müraciət etmişdik. Bizə verilən məlumata əsasən bununla bağlı müəyyən addımlar atılacaq.
Görüş zamanı, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin baş müəllim statusu alması üçün treninqlərin keçirilməsi, digər fənlər üzrə dərs deyən müəllimlərin baş müəllim statusu alması üçün şərtlərin yumşaldılması, peşə bacarıqlarından imtahanın ana dilində olması üçün şəraitin yaradılması, yaz tətilinə dəyişiklik edilməsi və Novruz bayramını əhatə etməsi və s. məsələlər müzakirə edildi", - deyə Aygül İsayeva qeyd edib.


