Qardabaninin Kosalı kəndində mərkəzi küçəyə Camal Mustafayevin adının verilməsi ilə bağlı müraciət edilib
Qardabaninin Kosalı kəndində mərkəzi küçəyə görkəmli alim, filosof Camal Mustafayevin adının verilməsi ilə bağlı müraciət edilib.
InterPress.ge xəbər verir ki, bu barədə ictimai fəal Aygül İsayeva öz Facebook səhifəsində yazıb.
"Bildiyiniz kimi, Kvemo Kartli qubernatorunun təşəbbüsü ilə kəndlərdə küçələrə adların verilməsi prosesi başlayıb.
Bu gün fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Camal Mustafayevin adının anadan olduğu Kosalı kəndində mərkəzi küçəyə verilməsi ilə bağlı yaxın və doğmaları ilə birlikdə müraciət və imzalarımızı təqdim etdik.
Yeddinci sinifdə oxuyanda dəyərli alim, professor, filosof Camal Mustafayevin “Alim olmaq asandır, insan olmaq çətin” deyiminə münasibət bildirməsini istəmişdim. Camal Mustafayev dünyaşöhrətli alim, filosof olmaqla yanaşı #İNSANLIQ, #humanistlik, #YAXŞILIQ simvoludur. Əbəs yerə onu paklığına, təmiz #VİCDANına görə PEYĞƏMBƏR insan adlandırmırdılar. Uzun müddət Azərbaycanda yaşayıb yaratsa da öz vəsiyyətinə görə doğma Kosalı kəndində dəfn edilmişdi. Elə bu xüsusiyyət də onun nə qədər yurdsevər, elinə-obasına, Borçalı mahalına, Qarayazı bölgəsinə bağlı bir insan olmasını göstərir. Bəlkə də bir çoxları bilmir, millətin atası, milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı dilənçi kökünə düşmüş Sara xanıma bir çoxları üz döndərəndə Camal Mustafayev maaşından, özünün və ailəsinin boğazından kəsib yardım edirmiş. Eyni səxavəti imkansız tələbə və tanışlara təmənnasız edərmiş", - İsayeva yazır.


