Gürcüstanın dövlət və özəl məktəblərində Covid-19 virusuna yoluxma halları xeyli azalıb
Son bir həftə ərzində Gürcüstanın dövlət və özəl məktəblərində Covid-19 virusuna yoluxma halları xeyli azalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Məlumata görə, virus müəllimlərin 0,3 faizində, şagirdlərin isə 0,1 faizində təsdiqlənib.
“Epidemioloqların tövsiyəsinə əsasən, Gürcüstanda 2085 dövlət və 217 özəl məktəbdən indiki mərhələdə tam distant təhsildə yalnız 1 dövlət məktəbi fəaliyyət göstərir. Tədrisin distant formatda aparılması arzusunu ötən həftə risk qrupunun 71 müəllimi bildirib.
Orta məktəblərdə təhlükəsiz mühiti təmin etmək üçün Covid-19 üzrə müəllimlərin icbari testdən keçirilməsi hələ də davam edir. Martın 1-dən məktəb işçiləri həftədə bir dəfə sürətli antigen testi ilə koronavirus testindən keçirilir. 400-dən çox dövlət və özəl məktəbdə xüsusi təlim keçmiş məktəb həkimi Covid-19 test prosesinə cəlb olunub.
Bu vaxta qədər müəllim və məktəb rəhbərlərinin 73,7%-i peyvənd olunub, o cümlədən 97%-i tam peyvənd olunub.
Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkelinin qərarına əsasən, arzu olunarsa, tələbələrin valideynləri distant təhsil formatını seçmək imkanına sahibdirlər. Nəticədə, bütün ölkə üzrə məktəblərdə tədris prosesi qarışıq formatdadır.
Xatırladaq ki, ölkədə kovid qaydalarının yumşaldılmasına baxmayaraq, ümumi təhsil müəssisələrində təhlükəsiz mühitin təmin edilməsi üçün termoskrininq, dezobariyer və dezinfeksiyaedici məhlulların tətbiqi də daxil olmaqla, müəyyən qaydalar qüvvədə qalır. Həmçinin maska taxma qaydası qüvvədə qalır”, - deyə məlumatda bildirilir.


