25 
Mar
2022
11:50
748

Kredit faizləri artacaqmı?- AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında mühüm hadisələrin başlanğıcı oldu. Bunların arasında bütün dünyada enerji daşıyıcılarının bahalaşması da diqqətəlayiqdir. 

lnterPress.ge xəbər verir ki, neftin qiyməti son bir neçə gündə ucuzlaşsa da, fakt budur ki, neftin bir barelinin qiyməti hələ də 100 dollar səviyyəsindədir.

Aydındır ki, Rusiya-Ukrayna müharibəsi Gürcüstan iqtisadiyyatına müvafiq əks təsir göstərir. Xüsusilə, müharibə başlayandan panika zəminində lari ucuzlaşıb və hazırda ABŞ dolları 3,22 lari səviyyəsində satılır. Bütün bunlara bunu da əlavə etməliyik ki, Gürcüstanın həm Rusiya, həm də Ukrayna ilə sıx ticarət əlaqələri var. Bu, o deməkdir ki, müharibə səbəbindən ölkəyə məhsul idxal etmək təhlükəsi qarşısındayıq. Nəticə etibarı ilə, gürcü idxalçılar məhsulun təhlükəsiz və dayanıqlı olacağı başqa bazarlar axtarırlar, baxmayaraq ki, bu məhsulu idxal etmək daha bahadır. Bir sözlə, neftin qiymətinin qalxması, larinin ucuzlaşması, daha bahalı məhsulların idxalı bütövlükdə inflyasiyaya əhəmiyyətli təzyiq göstərir və onun yüksəlməsinə səbəb olur.

Milli Bankın əsas məqsədi inflyasiyanın qarşısını almaqdır, yəni başqa sözlə desək, adıçəkilən qurum ölkədə qiymət səviyyəsini sürətlə artırmamağa çalışır. Yuxarıda qeyd etdiyimiz kimi, mövcud şərait fonunda ölkədə inflyasiya artacaq, ona görə də Milli Bank müdaxilə edib bu prosesi dayandırmalı olacaq. Ölkənin mərkəzi bankının bu prosesdə istifadə etdiyi alətlərdən biri də pul siyasəti dərəcəsidir, başqa sözlə desək, ölkədə pulun qiymətidir. İnflyasiya yüksək olanda Milli Bank bu faizi artırır, yəni kommersiya banklarına verilən kreditləri bahalaşdırır. Buna uyğun olaraq Milli Bankdan baha qiymətə kredit götürmüş kommersiya bankı həm fiziki, həm də hüquqi şəxslərə verdiyi kreditlərin qiymətini artırmalı olacaq. Aydındır ki  sərtləşdirilmiş pul siyasəti, yəni pulun qiymətinin artması artıq bizim aldığımız kreditlərə mənfi təsir edir, bahalaşmasına səbəb olur.

Bizimlə əlaqə saxlayın