Gürcüstanda külək elektrik stansiyalarının sənaye istehsalına başlanmasına dair memorandum imzalanıb
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzi və “Gürcüstan Külək Enerjisi Assosiasiyası” arasında Anlaşma Memorandumu imzalanıb və onlar Gürcüstanda külək elektrik stansiyalarının sənaye istehsalının tətbiqinə yardım etməyi öhdələrinə götürüblər ki, bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına, külək stansiyalarının enerji infrastrukturuna inteqrasiyasına və elektrik enerjisi istehsalına gətirib çıxaracaq.
InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Memorandumu nazir müavini Romeo Mikautadze, “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzinin baş direktoru İoseb Loladze və Gürcüstan Külək Enerjisi Assosiasiyasının prezidenti Mamuka Mikaşavidze imzalayıblar.
Sənədə əsasən, tərəflər həmçinin Gürcüstan ərazisində külək elektrik stansiyalarının komponentlərinin istehsalının maliyyələşdirilməsində və inkişaf etdirilməsində və/və ya onların alınmasında maraqlı olacaq potensial investorların tapılması üçün səy göstərəcəklər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dünya standartlarına uyğun külək generatorları və onun komponentlərini istehsal edəcək yeni zavod “Delta” şirkətinin mülkiyyətində olan/istifadə etdiyi ərazidə yerləşəcək.
Memorandum Gürcüstan hökuməti, aidiyyəti qurumlar, beynəlxalq donor təşkilatları, maliyyə institutları, maraqlı biznes dairələri ilə əməkdaşlığı, Gürcüstanda külək enerjisindən istifadə ilə elektrik enerjisinin istehsalı və əhalinin təchizatının sürətli inkişafını nəzərdə tutur.


