Sosial Ədalət Mərkəzi Gürcüstanda yaşayan azərbaycanlı icmanın Novruz bayramını təbrik edir
Sosial Ədalət Mərkəzi Gürcüstanda yaşayan azərbaycanlı icmanın Novruz bayramını təbrik edir və daha ədalətli, bərabər və layiqli bir mühitdə yaşamağı arzu edir.
InterPress.ge mərkəzin bəyanatını nəzərinizə çatdırır:
"Bu gün Gürcüstan azərbaycanlıları qədimi xalq bayramı olan və yazın gəlişini, oyanışını, həyatın yenilənməsini özündə əks etdirən Novruz bayramını qeyd edirlər. Bu qədimi bayramda unikal ənənələr və rituallar həyata keçirilir. Bu gündə hər ailənin süfrəsində yenilənmənin və yeni ilin gəlişinin simvolu olan səməniyə, boyanmış yumurtalara, güzgüyə, şirniyyata yer verilir. Novruz bayramı günü küçələrdə kütləvi izdihamla və musiqili çıxışlarla, evlərdə isə qonaqlıqlarla qeyd olunur.
2009-cu ildə Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irslər siyahısına əlavə edildi. Novruz bayramınadək olan son dörd çərşənbə axşamında, Gürcüstan azərbaycanlıları unikal ənənələri özündə cəmləşdirən dörd təbiət ünsürünün - su, yel, od və torpağın oyanışını (çərşənbəni) qeyd edirlər.
Artıq bir neçə ildir ki, Gürcüstan azərbaycanlıları Novruz bayramının ölkədə milli bayram və qeyri iş günü olaraq elan edilməsini tələb edirlər. Yerli fəallar bir neçə dəfə bu tələblə bağlı Gürcüstan parlamentinə müraciət ediblər. Ötən il Novruz bayramı, Marneulidə aktivistlərin spontan etiraz yürüyüşü ilə də qeyd olundu. Yerli icma üçün bu tələb öz mədəniyyətlərinin, kimliklərinin və ümumiyyətlə, Gürcüstanın etnik və mədəni rəngarəngliyinin tanınması baxımdan xüsusi önəm daşıyır və təbii ki, eyni zamanda siyasi önəmə də malikdir. Təəssüflər olsun ki, bu bu günədək icmanın bu tələbi hakimiyyət tərəfindən lazımi şəkildə bölüşülməyib.
Kalendar, konkret bir ölkədə yaşayan insanların uzlaşmasını, simvolların və önəmli siyasi və mədəni hadisələri özündə birləşdirən simvolik bir məkandır. Təəssüflər olsun ki, Gürcüstan kalendarı tək mədəniyyətli/ etnik/ dini məzmun daşıyır və ölkəmizdə mövcud olan rəngarəngliyi əks etdirmir. Gürcüstanda yayğın olan etno-dini milliyyətçilik bu simvolik məkanda da özünü büruzə verir və gürcü mədəniyyətinin yaradılmasında və onun unikallığında başqa qrupların verdiyi töhfələr görməzdən gəlinir.
Təəsüflər olsun ki, qeyri-dominant etnik və dini qrupların zəif təmsil olunması və bəzən hətta silinmə problemi yalnız simvolik məkanlarda görünmür. Zəif mədəni tanınma və hörmətin arxasında dərin şəkildə siyasi nümayəndəlik, iştirak, iqtisadi və sosial asimmetriya problemi dayanır. Məhz elə bu səbəbdən, Novruz bayramının milli bayram və qeyri-iş günü olaraq elan olunmasıyla bağlı Gürcüstan azərbaycanlılarının irəli sürdüyü tələbi tamamilə ədalətlidir və qurtuluş və tanınma uğrunda bu icmanın daha böyük mübarizəsini və əməyini göstərir.
Biz, zəif şəkildə təmsil olunan, tanınan, qorunan bu icmanın mübarizəsinə qoşuluruq və onların mübarizələrində səmimi yoldaşları, dostları və həqiqi dəstəkçiləri olmaq istəyirik.
Novruz bayramınız mübarək!".


