Polşanın baş naziri Gürcüstana səfər edəcək
Polşanın baş naziri Mateuş Moraveçki Kiyevə səfərindən sonra bu gün Gürcüstana gələcək və Batumidə İrakli Ğaribaşvili ilə görüşəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Polşa hökuməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı baş nazirlər beynəlxalq ictimaiyyətin Rusiyanın Ukraynaya təcavüzünə qarşı hərəkətlərini, eləcə də Polşanın baş nazirinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdəki görüşünün nəticələrini müzakirə edəcəklər.
Eyni zamanda, baş nazirlər Gürcüstanın Avro-Atlantik istəkləri ilə bağlı çağırışları, xüsusən də bu yaxınlarda Aİ-yə üzvlüklə bağlı təqdim edilmiş bəyanatı müzakirə edəcəklər.
Bundan əlavə, Polşa hökumətinin məlumatına görə, Polşanın baş naziri Gürcüstanın Rusiyaya qarşı geniş spektrli sanksiyaların həyata keçirilməsində iştirakı barədə danışacaq. İqtisadi sanksiyaların Rusiya təcavüzünü pisləyən ölkələrə təsiri və mövcud miqrasiya vəziyyəti də müzakirə olunur.
Polşa və Gürcüstanın baş nazirləri martın 17-də Batumidə Polşanın keçmiş prezidenti Lex Kaçinskinin abidəsini açacaqlar. Qeyd edək ki, 2008-ci il müharibəsi zamanı Lex Kaçinski Gürcüstanı dəstəkləmək üçün digər liderlərlə birlikdə Tbilisidə olub.


