Tbilisidə Alyans Gənclər Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
Tbilisidə Alyans Gənclər Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, mərasim "Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonraAzərbaycanın dövlət himni səsləndirilib.
Mərkəzin sədri Leyla Əmrahova tədbir iştirakçılarını salamlayıb, çıxışında 30 il bundan öncə Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən olan Xocalı soyqırımı haqqında danışıb. 613 mülki şəxsin bir gecədə xüsusi amansızlıqla, etnik mənsubiyyətinə görə qətlə yetirildiyini vurğulayıb.
Daha sonra, icraçı direktor Rəna Hüseynova bunun Ermənistan tərəfindən aparılan irqçi siyasətin təzahürü olduğunu, dinc sakinlərə qarşı törədilmiş bu vəhşətin unudulmayacağını gürcü dilində qeyd edib. Rəna xanım Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni etməli olduğumuzu tələbələrə vurğulayıb.
Tədbiri mərkəzin tarix müəllimi Fizuli Qəhrəmanov davam etdirib. O, tarixi faktlara dayanaraq, tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra, Nəzrin Qəmbərli "Xocalı "adlı şeir səsləndirib.
Tədbirdə milli qəhrəman Çingiz Mustafayev haqqında ətraflı məlumat verilib və video çarxlar izlənilib.
Sonda faciəyə həsr olunmuş "Ümid ışığı" filmi izlənilib.
Bununla yanaşı mərkəzin təşkilatçılığı ilə mərkəzin müəllim və tələbə kollektivi Tbilisinin Azadlıq meydanından Parlament önünə qədər şəhər sakinlərini və tursitləri məlumatlandırıcı bukletlər və şəhidlərin rəmzi qərənfillər paylayıb.







