Şirkətə məxsus təxminən 380 min lari mənimsəyən şəxs saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları şirkətin mühasibini şirkətə məxsus təxminən 380 min lari mənimsədiyinə görə məsuliyyətə cəlb ediblər.
lnterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhdud məsuliyyətli cəmiyyətə məxsus külli miqdarda pulun mənimsənilməsi faktını aşkar ediblər.
“İstintaqla müəyyən edilib ki, adıçəkilən məhdud məsuliyyətli cəmiyyətdə mühasib işləyən və cəmiyyətin bank hesablarını idarə etmək hüququ ona həvalə edilmiş cavabdeh şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə şirkətə məxsus təxminən 380 min lari mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 182-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə istintaq aparılır”, - deyə məlumatda bildirilir.


