18 
Fev
2022
14:05
442

Prokurorluq çağrı mərkəzinin beş əməkdaşını həbs etdi

Gürcüstanın Baş Prokurorluğu Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə transmilli mütəşəkkil cinayətkar dəstənin 5 üzvünü saxlayıb.

lnterPress.ge xəbər verir ki,  bu barədə Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

“Gürcüstan Prokurorluğunun apardığı istintaq nəticəsində müəyyən edilib ki, cinayət fəaliyyəti zamanı mütəşəkkil dəstənin üzvləri Almaniya Federativ Respublikası və digər dövlətlərin vətəndaşlarına məxsus külli miqdarda pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəyib, cinayət yolu ilə əldə etdikləri qanunsuz gəlirləri leqallaşdırıblar.

Cinayət planına əsasən, mütəşəkkil dəstə üzvləri Gürcüstanda yerləşən müəssisələrin bazasında saxta əməliyyat təşkil ediblər. Cinayətkar qrupun hədəfi müxtəlif Avropa ölkələrində yaşayan vətəndaşlar olub.

Saxta çağrı mərkəzinin əməkdaşları əvvəlcədən hazırlanmış plana uyğun olaraq Almaniya Federativ Respublikası və digər ölkələrin vətəndaşları ilə əlaqə saxlamış, uydurma adlarla tanış olmuş, onlar şirkətlərinin yerləşdiyi yer barədə yalan məlumat verib və cinayətkar qruplaşmanın yaratdığı elektron platformalardan istifadə etməklə qiymətli kağızların, səhmlərin, valyutaların və kriptovalyutaların elektron ticarətində iştirak etməyi təklif ediblər.  Operatorlar istehlakçıları əmin ediblər ki, onların köməyi ilə qiymət artımı və endirimlər zamanı e-ticarətdə ciddi qazanc əldə edə biləcəklər. İstifadəçinin razılığı alındıqdan sonra elektron ticarət üçün ayrılmış vəsaitlər cinayətkar qrupun nəzarətində olan bank hesablarına yerləşdirilib və bir hissəsi qondarma məqsədlərlə Gürcüstandakı öz şirkətlərinin hesablarına köçürülüb.  Bu sxemlə on milyonlarla lari məbləğində qeyri-qanuni gəlir leqallaşdırılıb.

Cinayətkar qruplaşmanın üzvləri Gürcüstan Cinayət Məcəlləsinin 180 və 194-cü maddələri ilə dələduzluq və çirkli pulların yuyulmasına görə saxlanılıblar. Cinayətlər doqquz ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Prokurorluq qanunla müəyyən edilmiş müddətdə  beş təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək”, - deyə məlumatda bildirilir.

Məlumata görə, Gürcüstanın Baş Prokurorluğunda davam edən araşdırmalar çərçivəsində mütəşəkkil cinayətkar dəstənin üzvü olan 17 şəxs barəsində cinayət işi başlanıb, 1 nəfərin ekstradisiyası ilə bağlı icraat aparılır.
 
“Gürcüstan ərazisində saxlanılan cinayətkar qrupun üzvlərindən başqa, Gürcüstanın iştirakı ilə Avropa İttifaqının Birgə Ədalət Şəbəkəsi – Eurojust təşkilatının dəstəyi ilə aparılan birgə beynəlxalq istintaq çərçivəsində, mütəşəkkil cinayətkar qruplaşmada iştirak edən digər xarici vətəndaşlara, o cümlədən İsrail ərazisində cinayətin təşkilatçılarına qarşı da cinayət işi başlanıb.  

Qeyd edək ki, Gürcüstanda müxtəlif vaxtlarda cinayətkar qrup üzvlərinin saxlanıldığı transmilli cinayətlərə qarşı həyata keçirilən tədbirlər Eurojust tərəfindən yüksək qiymətləndirilir.

Cinayətkar qrupun üzvlərinin, habelə oxşar fəaliyyətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində iş intensiv istintaq və beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır.

Gürcüstan Baş Prokurorluğunun əsas istiqamətlərindən biri Avropanın müxtəlif ölkələrində geniş yayılmış transmilli cinayətkar fəaliyyətlə mübarizədir. Gürcüstan Baş Prokurorluğunun fəal əməkdaşlıq etdiyi bir sıra ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət sxemlərinin və bunda iştirak edən şəxslərin aşkarlanmasına cəlb olunurlar. Gürcüstan Prokurorluğu bu cinayətlə mübarizədə səmərəli əməkdaşlığa görə Eurojust-a, Almaniya və İsrailin istintaq strukturlarına bir daha təşəkkür edir. Davam edən araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə prokurorluqdan bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər