Kaxa Kaladze: "Biz heç bir halda buna imkan verməyəcəyik"
Dövlət ərazisində qanunsuz tikinti və torpaqların zəbt edilməsi qətiyyən yolverilməzdir, biz heç bir halda buna imkan verməyəcəyik.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze baş tutan meriya iclasında bildirib.
O, Samqori rayonunda qanunsuz tikililərlə bağlı davam edən prosesə münasibət bildirib və vurğulayıb ki, mənzili olmayanlar Tbilisi meriyası tərəfindən müvəqqəti olaraq kirayə evlərlə təmin olunacaqlar.
"Bir daha qeyd etmək istəyirəm ki, dövlətin ərazisində qanunsuz tikililərin aparılması, torpaqların zəbt edilməsi qətiyyən yolverilməzdir və heç bir halda buna yol verməyəcəyik. Mən tam məsuliyyətimlə bir daha bəyan edirəm ki, qanunsuzluğu qanuniləşdirmək olmaz. Sosial cəhətdən imkansız, evsiz statusu olan ailələr və insanlar üçün nə edə biləcəyimiz barədə dəfələrlə açıqlamalar vermişik. Mən bir daha təkrar edib bu insanlara humanist şəkildə izah etmək istəyirəm, biz məsuliyyət götürürük, sizə normal şəraitdə yaşamaq imkanı veririk.
Bizdə insanları müvəqqəti kirayə evlərlə təmin etmək üçün şərait yaradan proqramlarımız var. Yaşayış sahəsi olmayanlar müvəqqəti kirayə evlərlə təmin ediləcəklər. Eyni zamanda, əgər bir vətəndaş həqiqətən evsizdirsə, onun evsiz statusu alması üçün işlər aparılır”, - deyə Kaladze bildirib.
O, xüsusilə uşaqlı ailələrə müraciət edib ki, küçədə qalmasınlar, müraciət olunsun və onlara bələdiyyə tərəfindən köməklik göstərilsin.
“Bir çox təxribatlara və heç vaxt etməyəcəyimiz işə görə bizi günahlandırmaq cəhdlərinə baxmayaraq, biz uşaqların mənafeyini kənara qoyan hökumət deyilik. Biz həmişə belə ailələrin və insanların yanındayıq”, - deyə Kaladze bildirib.
Kaladze qanunsuz tikililər mövzusunda dezinformasiya yayan bəzi televiziyaları tənqid edib.
“Mən bu televiziyalara müraciət etmək istəyirəm, fikirləşin, nə edirsiniz, siz birbaşa qanunsuzluğa rəvac verirsiniz! Sabah, ertəsi gün siz də eyni problemlərlə qarşılaşacaqsınız. Dövlət və qanun sizi qorumalıdır”, - deyə Kaladze deyib.
Xatırladaq ki, ötən gün Samqori rayon administrasiyasında səs-küy olub. Vətəndaşlar Afrika yaşayış məntəqələrində tikilən binaların qanuniləşdirilməsini tələb ediblər. Onları hüquq-mühafizə orqanları idarə heyətinin binasından çıxarıblar.


