Potidə evakuator sürücüləri qeydiyyat zonası yaxınlığında aksiya keçirdilər
Potidə evakuator sürücüləri qeydiyyat iqtisadi zonasının yaxınlığında etiraz aksiyası keçiriblər.
lnterPress.ge xəbər verir ki, onların sözlərinə görə yeni qaydaya əsasən, Gəlirlər Xidməti onları limanlardan müxtəlif şəhərlərə daşıdıqları avtomobillərin gömrük rüsumlarını ödəməyə məcbur edir.
Etirazçıların sözlərinə görə, onların öhdəliyi yalnız avtomobillərin daşınmasıdır və gömrük rəsmiləşdirilməsinə görə onların üzərinə məsuliyyət qoyulması düzgün deyil. Sürücülər bank hesablarına qadağa qoyulduğunu və fəaliyyətlərini davam etdirə bilmədiklərini deyirlər. Evakuator sürücülərinin aksiyasına Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının nümayəndələri də qoşulub. Mitinqdə elan olunduğu kimi, etirazçılarla Gəlirlər Xidmətinin nümayəndələri arasında qapalı görüş nəzərdə tutulub.
''Bizi gömrük rüsumlarını ödəməyə məcbur edirlər, bunun bizə qətiyyən aidiyyatı yoxdur. Biz sadəcə daşıyıcıyıq. Maşını çıxarıb sahibinə təhvil verəcəyik, qalanı isə sahibinin öhdəsindən gəlməlidir. Müdiri tapa bilmirlər, nə baş verdiyini bilmirik, bizdən gömrük rəsmiləşdirilməsini istəyirlər. Bütün bunlar həll olunana qədər mitinqlər davam edəcək”, - deyə etirazçı Malxaz Kurçxalia bildirib.


