Dələduzluq ittihamı ilə təqsirli bilinən 3 nəfərə qarşı cinayət işi açıldı
İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxta vergi sənədləri hazırlamaq və istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda dövlətə məxsus pul vəsaitlərini mənimsəməkdə təqsirli bilinən üç nəfərə qarşı cinayət işi açılıb.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi mənfəət əldə etmək və saxta əlavə dəyər vergisi aktivi yaratmaq məqsədilə adlarına qeydiyyatda olan şirkətlərə 215 000 lari dəyərində musiqi avadanlığının tədarükü üçün saxta vergi hesab-fakturaları yazdırıblar. Nəticədə dələduzluq yolu ilə əsassız hesablanmış əlavə dəyər vergisindən artıqlaması ilə 32 796 lari mənimsəyiblər.
“Araşdırma zamanı vaxtında və səmərəli görülmüş tədbirlər nəticəsində büdcəyə dəymiş ziyan tam ödənilib.
Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin 2-ci hissəsi və 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə məlumatda bildirilir.


