Bir ay əvvəl yoxa çıxan Nazim Nəbiyevin yaxınları etiraz edirlər
Bir ay əvvəl yoxa çıxan Nazim Nəbiyevin yaxınları Saqareco bələdiyyəsinin İormuğanlı kəndində aksiya keçirib.
lnterPress.ge xəbər verir ki, bu barədə itkin düşən şəxsin yaxınları bildirib.
Onların sözlərinə görə, 42 yaşlı Nazim Nəbiyev yanvarın 4-də dostu Fəhrət Qurbanovla mal almaq üçün özü ilə 32 min lari götürərək Qardabani bələdiyyəsinə gedib. Lakin o vaxtdan bəri heç kim onun izini görməyib. Ailə üzvləri Nəbiyevin işinin vaxtında araşdırılmasını və onun harada olduğunun tapılmasını tələb edirlər.
Onların sözlərinə görə, indiyədək polis tərəfindən heç kim həbs edilməyib.
“Düz bir ay keçdi, heç kəs onun itkin düşməsi ilə bağlı məlumat vermir, biz heçnə bilmirik. Bəs necə yox oldu ki, heç bir iz tapa bilmirlər. Heç kim də tutulmayıb. Bu qədər diqqətsizlik necə ola bilər. Tələb edirik ki, polis bizə diqqət yetirsin, günahkar tapılsın. Bir neçə günə xəbər olmasa, mitinqləri davam etdirəcəyik”, - deyə itkin düşən şəxsin yaxınları bildirib.


