Ədliyyə Nazirliyindən açıqlama: Azərbaycan dilində danışmaq olmaz, rus dili də rəsmi dildir
"Bəli, qayda olaraq xidmətimiz azərbaycan dilində yox, gürcü, rus və həmçinin ingilis dilindədir."
InterPress.ge-yə bu barədə Ədliyyə Nazirliyinin qaynar xəttindən bildirilib.
Ötən gün Marneulinin ədliyyə evinə kovid pasport üçün müraciət edən Malik Ağayevə azərbaycan dilində xidmət göstərilməyib.
M.Ağayevin sözlərinə görə, operatorun azərbaycanlı olmasına baxmayaraq ona azərbaycan dilində yox, rus dilində xidmət göstərib.
Mövzu ilə bağlı ədliyyə evinin qaynar xəttindən məlumat aldıq.
"Marneulinin Ədliyyə evində bizim xidmətimiz əsas dövlət dilimiz olan gürcü dilindədir. İstifadəçilərimizin gürcü dilini bilmədiyi təqdirdə operatorumuz onlara rus və ingilis dilində xidmət göstərə bilərlər. Operatorun millətindən asılı olmayaraq azərbaycan dilində xidmət göstərməsi üçün məcbur edilə bilməz. Əgər istifadəçi azərbaycan dilindən başqa dil bilmirsə, bu zaman operator yox o məcburdur ki, özü üçün tərcüməçi tutsun", - deyə qaynar xəttənd bildirilir.
InterPress.ge əməkdaşının "Yəni azərbaycan dilində olmaz amma Rus dilində xidmət göstərmək olar?" sualına isə "Bəli, ingilis dili kimi rus dili də rəsmi dildir."- deyə bildirildi.


