Hökumət Administrasiyasında Koordinasiya Şurasının iclası keçirildi
Hökumət Administrasiyasında baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə Qurumlararası Koordinasiya Şurasının bu gün keçirilən iclasında Omikron ştammının epidemioloji vəziyyətə təsiri və xəstəxana sektorunun hazırlığı müzakirə edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.
Bildirilib ki, “Omikron” ştammı yüksək yayılma sürəti ilə səciyyələnir, ona görə də epidemioloji təhlükəsizlik normalarına ciddi riayət olunması – maska taxmaq, sosial məsafənin qorunması və izdihamlı toplaşmalardan çəkinmək xüsusilə vacibdir. Həmçinin virusa yoluxma zamanı xəstəliyin yüngül gedişi üçün peyvəndin və gücləndirici dozaların vacibliyi vurğulanıb. Məlum olduğu kimi, hökumətin qərarına əsasən, 200 larilik həvəsləndirmə tədbiri yanvarın sonuna qədər davam edəcək və kovidə qarşı vaksin vurdurduqdan sonra pul alacaq şəxslərin yaşı aşağı salınıb.
Koordinasiya Şurasının həm dövlət, həm də özəl qurumlarda distant iş rejimini mümkün qədər qoruyub saxlamaqla bağlı tövsiyəsi qüvvədə qalır. Şura iclasında qeyd olunub ki, tətil mövsümü ərəfəsində dağ kurortlarında yoluxma hallarının artması tendensiyası müşahidə olunur, ona görə də şura bir daha istirahət edənləri epidemioloji təhlükəsizlik standartlarına əməl etməyə və özlərinin və ailə üzvlərinin sağlamlığının qayğısına qalmağa çağırır.
Koordinasiya Şurasında Beynəlxalq Protokola uyğun olaraq karantin müddətlərinin azaldılması məsələsi də müzakirə edilib və yaxın günlərdə müvafiq qərarlar qəbul ediləcək.


