29 
Dek
2021
17:57
492

Ənvər Hümbətovun adının əbədiləşdirilməsi üçün Marneuli meriyasına petisiya təqdim olundu- FOTO

29 dekabr tarixində Abxaziya müharibəsində döyüş yoldaşlarını xilas etməyə çalışarkən qəhrəmancasına şəhid olmuş Ənvər Hümbətovun adının əbədiləşdirilməsi üçün başladılan petisiya Marneuli meriyasına təqdim olundu.

InterPress.ge xəbər verir ki, petisiyanın təqdim olunmasında mülki fəal Samirə Bayramova ilə birlikdə şəhid Hümbətovun ailə üzvləri də iştirak edirdilər.

 Samirə Bayramovanın qeyd etdiyinə görə, petisiyada 1300 imza toplanıb və bu gün bu imzalar Marneuli meriyasına təqdim olundu.

“2020-ci ildə petisiyanın başladığını elan etsəkdə ölkədə pandemiya vəziyyəti olduğuna görə heç bir şəkildə insanlarla görüşə bilmədik. İmza toplamaqla bağlı müəyyən problemlər oldu. Ancaq nə xoş haldır ki, bu günki gündə  imzaları toplamışıq. Yerli bələdiyyənin qanunvericiliyinə uyğun olaraq Marneuli sakinlərinin 1%- nin imzası toplanıb, hətta əlavə olaraq 200-300 imza da topladıq ki, hər hansı bir problem olarsa, etibarsız sayılmasın.”- Samirə Bayramova.

Mülki fəal Samirə Bayramova petisiyanın başladılma səbəbini və onun məqsədi barədə də məlumat verərək vurğuladı ki:

“Petisiyanı başlatmaqda əsas məqsəd yerli azərbaycanlılar və gürcülər arasında həmrəylik yaratmaq, inteqrasiya prosesinə dəstək olmaq, yerli sakinlərdə vətənpərvərliyin gücləndirilməsidir. Bu gün Marneulidən olan sakin vətəni Gürcüstan torpaqlarında güclü Gürcüstan naminə vuruşub, canından keçib, şəhid olub. Biz Marneuli sakinləri olaraq çox təəssüf edirik ki, bu gün belə qəhrəman şəxsin adına nə küçə var, nə də hər hansı bir memorialda ad-soyadı görünür. Təəssüf ki, imza topladığım zamanlar kəndlərdə soruşurdular ki, – Kimdir?! Bizim heç xəbərimiz yoxdur. Ancaq bu insan Gürcüstan tarixinə qızıl hərflərlə həkk olunmuş əsas simalardan biridir.”- S. Bayramova.

Bayramovanın açıqlamasına görə, Ənvər Hümbətovun ailə üzvləri Marneuli meriyasının meri Kənan Ömərov ilə görüşəcəklər. Şəhid Hümbətovun ailə üzvlərindən Rustavidə şəhərində də yaşayanlar var. Hümbətov təhsilini Rustavi şəhərində 13 nömrəli məktəbdə aldığına görə, o, Rustavi merinə də rəsmi müraciət edib..

“Rustavi merliyinə də yazılı müraciət etmişəm. Ənvər Hümbətov Rustavi şəhərində, 13 nömrəli məktəbdə təhsil alıb. Rustavi şəhərində, məktəbdə onun adına bir lövhə qoyulmalı və eyni zamanda Rustavi şəhərində adını əbədiləşdirmək üçün hər hansı bir fəaliyyətlərin həyata keçirilməsini vacib hesab etdiyimizə görə, Rustavi merinə bu barədə müraciət etmişik. Hazırda həm meriya ilə həm də rejissorlarla danışıqlar gedir. Onun haqqında sənədli film çəkilməsi də nəzərdə tutulur. Buna da nail olacağıq. Düşünürəm ki, bu gün bizim azad və müstəqil Gürcüstanda yaşamağımızın səbəbi olan insanların adını daima ucaltmalıyıq. Bu bizim vicdan borcumuzdur.”- Samirə Bayramova qeyd edir.

Ənvər Hümbətovun həyat yoldaşı Fatimə Hümbətova bu təşəbbüsə görə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

"Belə bir təşəbbüs irəli sürdüyünüzə görə, çox şadam. Buraya qədər inanmırdım, amma görürəm ki, bu yöndən çox böyük işlər görülür. Anadan olduğu Rustavi şəhərində də adına küçə olarsa lap yaxşı olar. Bunun həyata keçirilməsini çox istəyərdik. Rustavi memorialında onun ad soyadı var. Biz Marneuli bələdiyyəsinə bu vaxtadək müraciət etməmişik, ancaq Samirə xanım müraciət etdi. Çox təşəkkür edirəm hər kəsə"- Fatma Hümbətova.

Məlumat üçün bildirək ki, Ənvər Hümbətov Marneulinin Algeti kəndindəndir. O, Abxaziya müharibəsinin iştirakçısı olub. Hümbətov müharibədə 25 nəfəri xilas etdiyi zaman şəhid olub.

Qeyd edək ki, Ənvər Hümbətov hərbçilərə verilən ən yüksək orden “Vaxtanq Qorqasali” ordeni ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər