Mixeil Saakaşvilinin son vəziyyəti açıqlandı
"Mixeil Saakaşvilinin vəziyyəti yaxşılığa doğru getmir. Mən deyərdim ki, onun vəziyyəti qənaətbəxş deyil. Əvvəlki günlərdə olduğu kimi, indi də neyroçatışmazlıq qeydə alınır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidze Qori hərbi hospitalına səfərindən sonra bildirib.
Ğipşidze qeyd edib ki, Mixeil Saakaşvili bu gün məhkəməyə getməyi düşünürdü, lakin səhhətinə görə fikrini dəyişib. Nikoloz Ğipşidzenin sözlərinə görə, Saakaşvili bu qərarı onun məsləhətindən sonra verib. Ğipşidze yaxın günlərdə əcnəbi həkimlərin gözlənildiyini də bildirib. Onların gələn həftə gəlməsi gözlənilir.
"Müalicə sxemi ilə bağlı həkimlər arasında diskomfort yaranıb. Cənab Otar Toidze ilə mən onun artıq qəbul etmədiyi dərmanları bərpa etmək istəyirik, amma təəssüf ki, Qori xəstəxanasının həkimi bundan imtina edir. Dərmanların adını dəqiqləşdirməyəcəyəm. Səhiyyə Nazirliyindən xahiş edirəm ki, dövlət komissiyası göndərsin, çünki təyin olunan dərmanı ancaq onlar dəyişə bilər, bizim buna haqqımız yoxdur. Burada xalis tibbi arqumentlər var, bunun müzakirə ediləcək bir mövzu olduğunu düşünmürəm. Xarici həkimləri gözləyirik, çünki düşünürəm ki, nə qədər tez gəlsələr, bir o qədər yaxşıdır. Mənim yaxşı proqnozum yoxdur və hər şeyi belə buraxmamalıyıq. Məncə, müalicə adekvat deyil. Keyfiyyətli müalicə, reabilitasiya və diaqnostika lazımdır. Qori xəstəxanası gözəl xəstəxanadır - burada çox yaxşı insanlar işləyir, amma belə xəstə üçün lazım olan avadanlıq burada yoxdur. Mən MRT-dən danışıram, bu, nevroloqlar üçün lazımdır ki, işin necə getdiyinə baxsınlar, bundan sonra müalicə dəyişdirilə bilər", - Nikoloz Ğipşidze bildirib.


