Araşdırma təqdimatı: “Gürcüstanın müsəlman qadınlarının yaşantısı və görməzdən gəlmə siyasəti”
Sosial Ədalət Mərkəzi dekabrın 17-i saat 12:00-da Wyndham Grand mehmanxanasında (Qudiaşvili küçəsi №3) həyata keçirdiyi araşdırmanın təqdimatını keçirib.
InterPress.ge-nin məlumatına görə, tədqiqatda Acarada və Kvemo Kartlidə Gürcüstanın müsəlman qadınlarının üzləşdiyi çətinliklər və maneələr öz əksini tapıb.
Araşdırma çərçivəsində, Acara və Kvemo Kartli bölgəsindən olan 37 qadınla sorğu keçirilib. Araşdırmanın hazırlanmasında gürcü müsəlman və Gürcüstan azərbaycanlıları icmasından olan tədqiqatçılar iştirak ediblər.
Yoxsulluq, səhiyyə və təhsilə çıxış imkanlarının olmaması, zorakılığa məruz qalmış qadınların sosial müdafiəsinin zəif təminatı, qadınların ictimai həyatda iştirak imkanlarının aşağı olması, qadınları cəmiyyətimizdə ikinci dərəcəli subyekt kimi qəbul edən patriarxal iyerarxiya, ümumilikdə Gürcüstandakı müsəlman qadınlar üçün ədalətsiz mühit yaradır. Tədqiqat, əzilmişliyin bir-biriylə bağlı lakin fərqli göstəriciləri olan quruluşunu əks etməyə çalışır və gücün iqtisadi, siyasi və mədəni müstəvisinin Gürcüstanın müsəlman qadınları üçün ədalətsiz mühit yaratdığını və bu qadınların yaşayışları haqqında ədalətli şəkildə danışmaq üçün sözügedən bütün güc göstəricilələrini təsvir edilməsinin vacibliyini vurğulayır.
Tədqiqat çərçivəsində qadınların aşağıdakı əsas narahatlıqları və ehtiyacları özünü tapdı:
- Qadınların bildirdiyinə görə, müayinə və müalicə üçün yetərli maddi durumları olmadığından, onlar ağır sağlamlıq problemləri və ağrılarla yaşamaq məcburiyyətində qalırlar. Araşdırma iştirakçılarının demək olar ki hamısı, səhiyyə sisteminin ən bğyük problemi olaraq dərmanların bahalığını qeyd edib. Enik azərbaycanlı qadınlar isə dövlət dilini bilmədikləri üçün səhiyyə xidmətlərindən yararlanarkən əlavə manelərlə qarşılaşmaqdadırlar.
- Kvemo Kartlidə qadınların böyük hissəsi evdar qadın və yaxud özünü işlə təmin edən qadınlardır. Evdar qadınların işləmək arzuları çox güclüdür, bunun da başlıca səbəblərindən biri ailələrin yetərli gəlirinin olmamasıdır. Lakin qadınlar bildirirlər ki, onların tam orta və ya natamam orta təhsilləri olduğundan gürcü dilini bilmirlər və bu vəziyyət onlar üçün keçilməz sədd yaratmış olur. Ali təhsili olub, gürcü dilini bilənlər isə iş tapmağın çətin olduğunu bildiriblər. Acara və Marneulidə işlə təmin olunmuş qadınların bir hissəsi, sığortası və analıq məzuniyyəti olmayan qeyri-stabil işlərdə çalışırlar.
- İşlə təmin olunmuş olsalar da, olmasalar da ev işlərinin böyük əksəriyyətini məhz qadınlar üstlənirlər. Bu səbəbdən qadınlar vaxt qıtlığı yaşayırlar – ailə məsuliyyətlərinin böyük hissəsi onların çiyinlərinə düşdüyündən çox vaxt onların dincəlmək və əylənmək üçün vaxtları olmur.
- Sorğuda iştirak edən qadınlar, zorakılıq qurbanı olan qadınları dəstəkləmək üçün onların zorakı mühitdən uzaqlaşmasını asanlaşdıracaq uzunmüddətli proqramların olmaması məsələsini dilə gətiriblər. Hüquq-mühafizə orqanlarında qadınlara travma yaratmayan anlayışlı kadrların olmaması da həmçinin problemli vəziyyət olaarq qalmaqdadır. Boşanan qadınların əksəriyyəti aliment almır, Acarada isə bəzi hallarda boşanmış qadınlar övladları ilə yaşamaq imkanlarına sahib deyillər.
- Siyasi iştirak baxımından qadınların böyük əksəriyyəti, qadınların siyasətdən kənarda qaldığı hissiyyatına sahib olduqlarını bildiriblər. Onlar bu vəziyyəti, kəndlərində, qəsəbələrində və şəhərlərində siyasətin daha çox kişilərin işi olması barədə təsəvvürlərə, həmçinin qadınların iştirakını təmin edən mexanizmlərin mövcud olmamasına bağlayırlar. Marneuli bələdiyyəsində sorğuda iştirak edən qadınların əksəriyyəti hesab edir ki, onların bələdiyyə və ya müxtəlif dövlət qurumlarına səslərini çatdırmaq imkanları yoxdur. Onlar bunu gürcü dilini bilməmələri, yetərli təhsillərinin olmamaları və dövlətdə qadınların öz narahatlıqlarını bələdiyyə və müxtəlif dövlət qurumları ilə bölüşmə mexanizmlərini bilməmələri ilə izah edirlər. Acarada və Marneuli Bələdiyyəsində qadınların bir hissəsi sadəcə qadınların deyil, ümumilikdə istənilən vətəndaşın siyasi proseslərə minimal təsir göstərə bildiyini və Gürcüstandakı demokratik mexanizmlərin sadəcə göstərməlik olduğunu düşünür.
- Təhsil baxımından azərbaycandilli məktəblərin xeyli geridə qaldığı, onlarda infrastruktur, tədris materialları, kompyuter probleminin mövcudluğu danılmazdır. Müəllimlərin ixtisas səviyyəsi gürcü dilli məktəblərdən kəskin şəkildə aşağıdır və məktəblər gürcü dilini və ya digər fənləri uşaqlara lazımi səviyyədə öyrədə bilmirlər. Azərbaycan dilli məktəblərdə həmçinin uşaqlara tədris olunan dərsliklər böyük problem təşkil edir. Acara və Marneulinin ucqar kəndlərində illərdir infrastruktur və müəllimlərin ixtisas problemi öz həllini tapmamaqla yanaşı, məktəblərdə uyğun fənn müəlliminin olmaması səbəbiylə bir-birində fərqli bir neçə dərs bir müəllim tərəfindən tədris edilir. Bəzi qızlar üçün, təhsil almaqda hər hansı bir maneəçilik törətməsə də, bəziləri üçün ev işləri və kənd təsərrüfatı işlərində məşğuliyyət təhsil almaqlarında qızlara xüsusilə böyük çətinliklər yaradır. Bu vəziyyət xüsusən, evin önəmli məsuliyyətlərini öz üzərinə götürmək məcburiyyətində qalan evin yaşca böyük qızına şamil olunur. Qızların orta məktəbi bitirməsinə mane olan səbəblər arasında maliyyə problemləri və erkən evlilik halları da göstərilməkdədir. Universitetə qəbul olmaq və təhsil almaq, hər iki regionun misalında, əlavə resurslar olmadan demək olar ki, təsəvvür edilməzdir. Regionlardan gələn tələbələr üçün sosial dəstək proqramları olmadığından, qızların ali təhsil alıb-almamasında ailə dəstəyi və maddi imkanları böyük rol oynayır.
- Araşdırma həmçinin müəyyən edib ki, müsəlman qadınların dini və etnik azlıq qrupu kimi mədəni marginallaşdırılması, onların yaşamını daha da çətinləşdirir. Dominant baxış bucağında müsəlman qadınların vəziyyəti ancaq daxili patriarxiyanın təzyiqi ilə izah edilir. Sanki onların varlığının əsas problemi öz din və adət-ənənələri və onlardan gələn əzilmişlikdir. Bu cür yanaşma özündə problemlidir, çünki o, əzilmişliyin çoxşaxəli quruluşunu və mürəkkəbliyini nəzərə almayarqdan onu yalnız mədəni amillərlə açıqlayır. Bu yanaşmanın dini və etnik azlıqların mədəniyyəti, dünyagörüşü və kimliyini iyerarxiya obyektinə çevirdiyi və azlıqların kimliyinə hücum edərək müsəlman qadın fəalların öz icmalarında dəyişiklik üçün mübarizəsini çətinləşdirdiyi haqda heç nə demir.
Araşdırmanın nəticələrinin, mövcud reallığa müsbət müdaxiləsi və qadınlara real dəstək siyasətinin formalaşdırılması yönündə uyğun dövlət qurumları və digər aktorlar üçün bir növ məlumat bünövrəsi rolunu oynaması bizim üçün xüsusi önəm daşıyır. Təəssüflər olsun ki, müsəlman qadınların xüsusi ehtiyacları dövlət tərəfindən siyasi baxımdan düzgün şəkildə görülmür və dərk edilmir.
Mövcud siyasət dəyişikliyi zamanı dövlətin və ictimai aktorların müsəlman qadınları dinləmələri və onlara öz qayğılarını, maraqlarını və gündəmini müəyyən etmək üçün muxtariyyət vermələri bizim vacib istəklərimizdən biridir.


