DTX: Rusiya işğalçı qüvvələri Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb
Rusiya işğalçı qüvvələri Gürcüstan vətəndaşını Qori bələdiyyəsinin Zemo Nikozi kəndi yaxınlığında qanunsuz olaraq saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
“Qanunsuz saxlanma ilə bağlı məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası vasitəsilə fəaliyyət göstərən “Qaynar xətt”i aktivləşdirdi. Məlumat beynəlxalq tərəfdaşlara və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə verildi.
Gürcüstanın mərkəzi hökuməti Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Gürcüstan vətəndaşlarını dərhal azad etmək üçün bütün mövcud mexanizmlərdən istifadə edir. Rusiya işğalçı qüvvələrinin işğal olunmuş ərazilər və işğal xətti boyunca dağıdıcı hərəkətləri, o cümlədən qeyri-qanuni saxlamaları regionda təhlükəsizlik mühitinə ziyan vurur və yerli əhalinin gündəlik həyatını xeyli çətinləşdirir”, - DTX-nin bəyanatında deyilir.
Avropa İttifaqının Monitorinq Missiyası Gürcüstan vətəndaşının Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında saxlanması ilə əlaqədar qaynar xəttin işə salındığını təsdiqləyib.


