03 
Dek
2021
18:24
804

Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycandilli məktəblərin problemləri müzakirə olunub

“Gürcüstan Maarif Təşkilatı”nın və “Maarif” qəzetinin baş redaktoru Ələddin Qaradağlı, Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva Gürcüstanın Təhsil və Elm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xandolişvili, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava və nazirliyin digər əməkdaşları ilə görüşüblər.

InterPress.ge xəbər verir ki, görüşdə azərbaycandilli məktəblərdə, həmçinin təhsil sahəsində mövcud problemlər diqqət mərkəzində olub.

Görüş zamanı azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, müəllimlərin sertifikatlaşdırılması və status alması ilə bağlı yaranan çətinliklər, dərsliklərdə mövcud olan nöqsanlar, təhsil qanunvericiliyində edilən dəyişikliklər və tətbiq olunan yeni qaydalarla bağlı məktəb direktorlarına, müəllimlərə düzgün və vaxtında məlumatların çatdırılmaması, informasiya qıtlığı müzakirə edilib.

Eyni zamanda, Gürcüstan Təhsil Nazirliyinin milli azlıqlar üçün nəzərdə tutduğu “1+4” proqramı əsasında təhsil alan gənclərin universitetlərə qəbul olunarkən məntiqlə yanaşı Azərbaycan dili və ədəbiyyatdan da imtahan vermələri, eləcə də məktəblərdə gürcü dili ilə yanaşı Gürcüstan ədəbiyyatının tədrisi ilə bağlı təkliflər verilib.

Görüşdə qeyd olunan məsələlər, yaranmış problemlərin birgə həlli və çıxış yollarına dair fikir mübadiləsi aparılıb.

Nazirlik rəsmiləri görüşü müsbət qiymətləndirib və mövcud problemlərin həlli ilə bağlı ekspertlər səviyyəsində bu cür görüşlərin müntəzəm keçirilməsi qərara alınıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər