01 
Dek
2021
10:42
969

Bu gündən etibarən "Yaşıl pasport" qüvvəyə minir

Bu gündən Gürcüstanda “Yaşıl pasport” tətbiq olunmağa başlayıb. 

InterPress.ge xəbər verir ki, vətəndaş aşağıdakı meyarlardan birinə cavab verdikdə yaşıl status alacaq: tam peyvənd olunmaq; Covid-19 keçirmək və virusun təsdiqlənməsindən 14 günün keçmiş olması; 72 saat etibarlı PCR testindən keçmək; 24 saat etibarlı antigen testindən keçmək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, pandemiyanın effektiv idarə olunması, müəssisələrin və vətəndaşların xidmətlərdən problemsiz faydalanması məqsədilə Səhiyyə Nazirliyi iki xüsusi tətbiq - CovidPass Georgia və Georgia e-Health proqramları yaradıb.

CovidPass Georgia tətbiqindən Gürcüstan ərazisində istənilən şəxs, həm Gürcüstan vətəndaşı, həm də xarici qonaq istifadə edə bilər. Bu proqram müxtəlif müəssisələrə daxil olmaq və tədbirlərdə iştirak etmək üçün istifadə edilə bilər.

Xaricdə peyvənd olunmuş şəxs (xarici qonaq və ya Gürcüstan vətəndaşı) sərhədə daxil olarkən peyvənd arayışı və ya PCR testinin mənfi nəticəsi təqdim etməlidir. Sərhədi keçdikdən sonra şəxs CovidPass Georgia tətbiqetməsində asanlıqla qeydiyyatdan keçə biləcək və problemsiz olaraq müvafiq məkanlara daxil ola və tədbirlərdə iştirak edə biləcək. Georgia e-Health proqramı beynəlxalq səyahətlər üçün istifadə olunur və Aİ rəqəmsal kovid-sertifikatı sistemində iştirak edən 51 ölkəyə problemsiz girişi təmin edir.

"Monitorinqlər seçim əsasında Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Xidməti, Daxili İşlər Nazirliyinin və Gəlirlər Xidmətinin müvafiq departamentləri, yerli bələdiyyələr, Milli Qida Agentliyi tərəfindən aparılacaq.

Müəssisə qeyri-yaşıl statusu olan şəxsin müəssisəyə qəbuluna cavabdehdir. Qaydanın pozulması halında hüquqi şəxs üçün sanksiya 10.000 lari təşkil edir, fərdi sahibkar üçün - 2000 lari. Qanun pozuntusunun təkrarlanması halında obyekt möhürlənəcək.

Əlavə məlumat üçün aşağıdakı qaynar xətt nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur - 1505, 144, 1522, həmçinin https://www.provax.ge/ internet saytına daxil ola bilərsiniz", - deyə qurumun yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın