Sürücülərin nəzərinə! Tbilisidə bu yol bağlanacaq
Yol infrastrukturu işləri ilə əlaqədar olaraq noyabrın 25-dən dekabrın 15-dək Krtsanisi rayonunda Ortaçala küçəsinin orta hissəsi hər iki tərəfdən bağlı olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasından məlumat verilib.
Onların sözlərinə görə, bərpa işləri çərçivəsində Krtsanisi rayon İcra Hakimiyyətinin podratçı şirkəti sözügedən küçədə istirahət məkanının abadlaşdırılmasını başa çatdırıb. Hazırkı mərhələdə hava kommunikasiyalarının yeraltına çəkilməsi və yeni asfalt örtüyünün salınması, yolun genişləndirilməsi və səkilərin təmiri kimi yol infrastrukturunun təşkilinə başlanılır.
“Sözügedən işlərlə əlaqədar olaraq ikitərəfli nəqliyyatın hərəkətinin qadağan edilməsi zəruridir, bununla əlaqədar noyabrın 25-dən dekabrın 15-dək Ortaçala küçəsinin orta hissəsi - N90-dan N100-dək hər iki tərəfdən bağlı olacaq. Bundan başqa, N57 və N80 avtobuslarının hərəkət sxemi dəyişdiriləcək. Ortaçala küçəsi N90-dək gedə biləcəklər.
Şəhər meriyası yaranmış narahatlığa görə üzr istəyir”, - məlumatda deyilir.


